"Bütün xalqımız 30 ilə yaxındır ki, səbirsizliklə torpaqlarımıza qayıdış gününü gözləyir".
Bunu "Sherg.az"a açıqlamasında "Report" İnformasiya Agentliyinin redaktoru, tanınmış jurnalist İmdad Əlizadə Laçının Zabux kəndinə ilk köçdən danışarkən deyib.
O bildirib ki, qayıdışla bağlı arzular bütün məclislərdə dilə gətirilib:
"Şükür Allaha ki, torpaqlarımız azad olunub və həmin ərazilərdə yenidənqurma işləri aparılır, infrastruktur yaradılır. Artıq Zəngilanın Ağalı, Laçının Zabux, Tərtərin Talış kəndlərinə böyük qayıdış başlayıb. Ümumiyyətlə ilkin mərhələdə öz doğma yurdlarına qayıdanlar daha xoşbəxt insanlardır. Çünki onlar artıq ata-baba yurdlarına köçürlər. Zabux kəndi də Azərbaycan-Ermənistan sərhədinə yaxın çox önəmli bir strateji məntəqədir. Hələ XX əsrin əvvəllərində Andranikin rəhbərlik etdiyi erməni daşnakları indiki Ermənistan ərazisindən Qarabağa keçmək istəyərkən Zabux dərəsi yaxınlığında Xalq qəhrəmanı Sultan bəy tərəfindən dayandırılıb.
Sonraki mərhələdə isə ermənilər Zabuxu işğal etdilər və yeni qəsəbə saldılar. Hətta müxtəlif ölkələrdən aldadaraq gətirdikləri erməniləri orada yerləşdirdilər. 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli bəyanatda Zabuxun boşaldılması qeyd edilsə də, Ermənistan tərəfi bunu uzatmağa çalışırdı. Çünki bu kənd bir simvola çevrilmişdi. Hətta Zabuxda Andranikin heykəlini qoymuşdular. Ona görə də Zabuxa qayıdış erməni quldurlarının Azərbaycanın Qarabağ bölgəsinə uzanan qanlı caynaqlarının kəsilməsi deməkdir. Onlar başa düşürlər ki, işğal zamanı simvola çevirdikləri əraziyə azərbaycanlıların qısa müddətdə qayıtması boş xəyallarının puça çıxması deməkdir. Ümumiyyətlə böyük qayıdış mühüm prosesdir. Lakin iki ərazi var ki, ora dönüş daha əhəmiyyətlidir. Bunlar Zabux kəndi və Şuşa şəhəridir. Artıq Zabuxa köç başlayıb, Şuşaya isə bu il ərzində dönüş gözlənilir".
Qeyd edək ki, Sabah Laçının Zabux kəndinə ilk köç olacaq. İlk mərhələdə 88 nəfərdən ibarət 20 ailənin köçü nəzərdə tutulub.
Bakıdan Zabuxa yolasalma Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobupark-3”də məktəbin qarşısında olacaq.