Hindistanın Uttar Pradeş ştatındakı məktəblərdən birində müsəlman şagirdə edilən rəftar ciddi hiddət doğurub.
Müəllim müsəlman şagirdi bilinməyən səbəbdən lövhəyə çıxardıb və hindli şagirdlərin əli ilə onu cəzalandırır.
Videoda digər şagirdlərin ona növbə ilə sillə vurduğu görünür.
Hindistanın İslam dininə qarşı kəskin mövqeyi ilə fərqlənən ölkələr sırasında olduğunu deyən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov "Sherg.az"a bildirib ki, son dövrlərdə rəsmi Dehlinin siyasi anlamda Pakistanı qısqanması və ölkə daxilində etnik dözümsüzlük dinlərarası ədavətin güclənməsinə səbəb olur:
"Xüsusən də Modi hakimiyyətinin Azərbaycan, Pakistan və Türkiyə ilə münasibətləri korlayıb. Bu gün Ermənistana silah daşıması və Yunanıstanla əlaqələri gücləndirməsi fonunda Hindistanda müsəlmanlara qarşı aqressiya daha da böyüyüb. Əslində tarix boyu Hindistanda islam dininə inanan insanlara qarşı təzyiqlər olub. Bu gün isə bir şagirdin öz inancına görə təhqir edilməsi Hindistanda yeni dini qarşıdurmasının baş vermə ehtimallarını gücləndirir. Təəssüf ki, rəsmi Dehli dini inanclara siyasi kontekstdən yanaşır. Xüsusən də Pakistanla olan ədavət, Kəşmir məsələsi Hindistanın təkcə beynəlxalq münasibətlər sistemində yanlış addımlar atmasına səbəb olmur, həm də ölkə daxilində islam dininə qarşı qəbuledilməz linç kampanyaları həyata keçirməsi ilə nəticələnir".