Ermənistan Rusiya və İran arasında hərbi əməkdaşlıq üçün logistik baza rolunu oynayır. Bu barədə məlumatı “World News Portal” Teleqram kanalı paylaşıb.
“İran Rusiyaya silah, xüsusilə də “Şahid-136/131” kamikadze pilotsuz uçan aparatlarını müxtəlif üsullarla tədarük edir, onlardan biri də Ermənistan ərazisindən keçir”, - deyə bildirilib.
Yayımlanan məqalədə həmçinin vurğulanır ki, Hindistanın Ermənistana silah tədarükü İsraili narahat edir, çünki bu silahlar İranın əlinə keçə və nəticədə yəhudi dövlətinə qarşı istifadə oluna bilər.
Moskva, Tehran, İrəvan ticarət əlaqələrinə dair məlumatların bundan öncə də yayıldığını deyən politoloq Sədrəddin Soltan "Sherg.az"a vurğulayıb ki, əvvəllər də keçmiş SSRİ-dən qalmış silahların Ermənistan ərazisindən İrana ötürülməsinə dair söhbətlər gedirdi:
"Məsələn, Samvel Babayan adlı tanınmış erməni İqla kompleksini Gürcüstan ərazisində Ermənistana keçirəndə həbs edilmişdi. Hətta Rusiya, Ermənistan, İran birgə silah mafiyası da fəaliyyət göstərir. Vaxtilə qazetlər və Ermənistanın Vatikandakı keçmiş səfiri, Ermənistanın keçmiş Prezidenti Sarkisyanın kürəkəni iddia edirdi ki, Paşinyan siqaretlə yanaşı silah alveri ilə də məşğul olur. Yəni Ermənistan hakim dairələrinin davamlı surətdə silah alış-verişi ilə məşğul olduqları istisna deyil. Məsələn, Ermənistan ordusunu silahla təchiz edən “Patron Davo” ləqəbli iş adamı David Qalstyan həbsdədir. Digər tərəfdən 44 günlük savaşdan sonra Hindistan da İrəvanla əməkdaşlığı artırıb. Hətta hansısa Cənub-Şimal dəhlizinin Ermənistandan keçməsi də rəsmi Dehli, Tehran və İrəvan arasında müzakirə olunan məsələlərdəndir".
Analitik əlavə edib ki, Ermənistan, İran və Hindistanın regionda üçlük yaratmaq cəhdi var:
"Bu cəhd Pakistan, Türkiyə və Azərbaycan müttəfiqliyinə, həmçinin Azərbaycan-Türkiyə-İsrail formatına qarşıdır. Ümumiyyətlə Hindistan dünyanın silah tədarükü edən ölkələri sırasında əsas yerlərdən birinə sahibdir. Hətta Hindistan bir ölkədən silahı alıb onu üçüncü tərəfə belə qaçaq yolla sata bilər. Həmçinin rəsmi Dehli bu yaxınlarda Avropa ölkələri ilə və ABŞ ilə silah məsələsinə dair müqavilə imzalayıb. Yəni Hindistanın Qərb ölkələrindən aldığı silahı İrana ötürməsi istisna deyil. Düzdür Hindistanın özü də Çinlə silahlı toqquşmaya hazırlaşır. Çünki iki ölkə arasında mübahisəli ərazilər var. Bir neçə gün əvvəl Hindistan tərəfi həmin əraziyə xeyli hərbi qüvvə cəlb etdi. Ümumiyyətlə İranın silahlanması və regionda güclənməsi İsrail üçün təhdiddir. Çünki cənub qonşumuz sözügedən silahlardan birbaşa istifadə etməsə belə, Livandakı Hizbullah və ya Fələstindəki İslami Cihad Silahlı Təşkilatı vasitəsilə İsrailə qarşı yönəldə bilər. Bu isə gözləniləndir. Çünki İran tərəfi aldığı silahları təkcə özü istifadə etməyərək maraqlarını müdafiə edən terror qruplaşmalarına verir. Odur ki, İsrailin Hindistan və İranın silahlanmasından ehtiyyat etməsi məntiqidir".