Ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler və rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə ehtiram nümayiş etdirib.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçib.
Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin ifasında Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Qarşılama mərasimindən sonra müdafiə naziri və nazirliyin digər rəhbər heyəti Türkiyə nümayəndə heyəti ilə görüşüb.
General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən nazir bu istiqamətdə görülən işlərin bundan sonra da yüksələn templə davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Türkiyənin milli müdafiə naziri kimi qardaş ölkəyə ilk rəsmi səfərindən məmnunluğunu ifadə edən cənab Y.Güler göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Səfəri “Sherg.az”a dəyərləndirən hərbi ekspert Elxan Şıxəliyev söyləyib ki, bu Türkiyə Milli müdafiə naziri general polkovnik Yaşar Gülərin vəzifəyə təyin olunandan sonrakı mərhələdə birinci Azərbaycana səfəri idi:
“Təbiki Gülər milli müdafiə naziri vəzifəsinə təyin olunana qədər Azərbaycan Türkiyə ilə hərbi-texniki və hərbi-təhsil sahəsində çox böyük bir yol qət edib. Hələ keçmiş nazir general polkovnik Hulusi Akarın dövründə artıq Şuşa bəyannaməsi ilə bu yol xəritəsi taclandırılmışdı. İndi, Şuşa bəyannaməsindən sonrakı mərhələdə də Azərbaycan silahlı qüvvələrimizin Türkiyənin mini modelinə keçidi üzərinə bir qərarlılıq nümayiş etdirir. Xüsusən də silahlı qüvvələrimizin ştat strukturu və hərbi təhsil sistemimizin 85 faiz həcmində bu proses tamamlanmış vəziyyətdədir.
Türkiyəyə Müdafiə nazirinin səfərində danışılacaq mövzular içərisində Cənubi Qafqazda mövcud olan təhdid və təhlükələrin müzakirəsi də olacaq. Həmçinin Azərbaycan silahlı qüvvələrinin Türkiyə silahlı qüvvələri ilə koordinasiyasının, ehtiyaclarımızın, istəklərimizin dəqiqləşdirilməsi konteksində də müzakirələr aparılacaq. Eyni zamanda bilirsiniz ki, yeni mərhələdə Türkiyə ilə hərbi-strateji əməkdaşlıq çərçivəsində hava məkanımızı da eyniləşdirdik. Bu isə o deməkdir ki, artıq hava məkanına daxil olan başqa ölkələrə aid təhlükə yarada biləcək hava hücumu vasitələri nəzarət mərkəzindən bərabər izlənəcək. Bu çox strateji, mühüm bir plandır və düşünürəm ki sözügedən komanda məntəqəsinin açılışını Türkiyə müdafiə naziri həyata keçirəcək. Qarşılıqlı danışıqlar əsnasında mövcud çağırışlar və təhdidlər, Ermənistanın, İranın və Rusiyanin Azərbaycana yanaşması, rus sülhməramlılarının bölgədən çıxarılması üzərinə mümkün ola biləcək forsmajor hallarda Türkiyə ilə Azərbaycanın bərabər fəaliyyəti müzakirə olunacaq.
Təbiki bu səviyyədə müdafiə nazirləri görüşürlərsə, 4 qrif məxfiliyi olan bütün məsələlər masaya yatırılır. Xüsusən də indi sülh sazişinə getdiyimiz yolda ermənilərin vaxtın uzadılması məsələləri də danışıla bilər. Eyni zamanda Rusiya sülhməramlılarının nəzarəti olan bölgələrdən qeyri-qanuni birləşmələrİn çıxarılması üzərinə Azərbaycanın hərbi gücünün istifadəsi, zamanında Türkiyə silahlı qüvvələrinin çəkindirici güc olaraq digər dövlətlərdən siyasi platformalarda bizə necə dəstək verməsi yönündə fəaliyyətlərin müzakirəsi də mümkündür . Yəni hərtərəfli perspektiv planlar, olunmuş işlər, gələcək planlar, hərbi-strateji yol xəritəmiz yenidən gözdən keçiriləcək. Eyni zamanda həm Azərbaycanda, həm Türkiyədə, həm də NATO çərçivəsində bərabər yürüdüləcək bütün gələcək hərbi fəaliyyətlər hamısı yenidən ələ alınacaq”.