Həmidə Rüstəmova: “Balacalar bizdən tamaşa gözləyir”

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Teatrların nəzdində studiyalar yaradılır

 
  "Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə bağlı Gəncə Dövlət Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Naxçıvan Dövlət Milli Dram Teatrı və Naxçıvan Dövlət Kukla Teatrlarında kadr problemini aradan qaldırmaq məqsədilə həmin teatrların nəzdində teatr-studiyaları yaradılıb. Mədəniyyət Nazirliyinin məlumatında qeyd olunur ki, hazırda Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının nəzdində “Mən aktyoram”, Azərbaycan Dövlət Kukla Teatrının nəzdində isə “Oyuq” teatr-studiyası fəaliyyət göstərir. Bu ilin 11-12 aprel tarixlərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Azərbaycan peşəkar milli teatrının 150 illiyi ilə əlaqədar ilk Teatr Forumu keçirilib. Forumda teatr sahəsinin inkişaf perspektivləri ilə bağlı bir çox məsələlər, o cümlədən region teatrlarının mövcud problemləri də müzakirə edilib. Regiondan paytaxta gəlib təhsil alan rejissor və aktyorların sonradan peşəkar kadr kimi regionlara geri dönməməsi və bunun nəticəsində də yerli teatrlarda yaranan kadr çatışmazlığı probleminin həlli istiqamətində müxtəlif təkliflər irəli sürülüb. Bu işdə respublikamızın akademik və aparıcı teatrlarının təcrübəsindən istifadə edərək müxtəlif bölgələri və fərqli sosial təbəqələri təmsil edən əhalinin teatr sənəti ilə bağlı tələbatlarının eyni səviyyədə ödənilməsi üçün əlverişli şəraitin yaradılması nəzərdə tutulub. Ümumiyyətlə, hazırda regionlarda bölgə teatrlarının inkişafına da xüsusi diqqət yetirilir, teatrın nüfuzunun və tamaşaçı marağının artırılması istiqamətində Mədəniyyət Nazirliyi tərəfindən məqsədyönlü işlər aparılır. 
  Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 03 fevral 2023-cü il tarixli Sərəncamında vurğulanır ki, 2023-cü ildə Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 ili tamam olur. Azərbaycan teatrı XIX əsrin taleyüklü ictimai-siyasi hadisələri fonunda köklü dəyişikliklər baş verərkən böyük maarifçi Mirzə Fətəli Axundzadənin ədəbiyyatımıza dram janrını gətirdiyi və xalq teatrının peşəkar milli teatra çevrildiyi bir vaxtda təşəkkül tapıb. Həmin dövrdə ziyalılarımızın Bakı, Şuşa, Şəki, Lənkəran, Naxçıvan, Tiflis və İrəvanda təşkil etdikləri tamaşalar bu şəhərlərin mədəni həyatında mühüm rol oynayıb. Azərbaycan teatrı həmişə fəal mövqeyi ilə seçilərək ictimai fikrin ön sıralarında dayanıb, cəmiyyətin mədəni tərəqqisinə və milli şüurun inkişafına əhəmiyyətli təsir göstərib. Ədəbi fikir tariximizin görkəmli nümayəndələri xalqa müraciət üçün teatr səhnəsindən yüksək xitabət kürsüsü kimi istifadə ediblər. Dramaturgiyamızın tarixinin hər bir inkişaf mərhələsində Azərbaycan teatrı orijinal aktyor məktəbi ilə əlamətdar olub, yüksək səhnə mədəniyyətinə malik sənətkarlar və istedadlı rejissorlar nəsli yetişib. Ölkəmizdə bütünlüklə milli dəyərlər zəminində dolğun fəaliyyəti üçün geniş inkişaf perspektivləri açılan teatrlar şəbəkəsi vardır. Bu teatrların kollektivləri dünya təcrübəsindən uğurla bəhrələnərək davamlı yeniləşdirdikləri repertuarlarında mütərəqqi məzmunlu, humanist ideyalı əsərlərə xüsusi yer ayırıb, insanlarımıza milli dramaturji irsin dərin mənəviyyat aşılayan şah əsərləri və xarici ədəbiyyatın estetik zövq formalaşdıran qiymətli nümunələri ilə daha yaxından tanış olmaq imkanı qazandırıblar. Azərbaycan teatrı xalqımızın mədəni sərvətidir. Həmin sərvətin qorunması və inkişaf etdirilməsi Azərbaycan dövlətinin mədəniyyət siyasətinin əsas prioritetlərindən biridir. Respublikamıza rəhbərlik etməyə başladığı ilk illərdən milli-mənəvi dəyərləri ön planda tutmaqla tarixi-mədəni irsimizə münasibətdə dönüş yaradan Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycan teatrının 100 illik yubileyinin təntənəli qeyd olunması diqqətəlayiq mədəniyyət hadisəsinə çevrilib və teatrımızın çiçəklənməsinə yeni stimul verib. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutularaq ölkənin mədəni-ictimai həyatının əhəmiyyətli hadisəsi kimi Azərbaycanda peşəkar milli teatr yaradılmasının 150 illiyinin qeyd olunmasına qərar verilir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

  Məlum sərəncamdan irəli gələrək teatrlar nəzdində teatr-studiyaların yaradılması teatr sənətinin inkişafına necə təsir edəcək? 
  Azərbaycan Dövlət Kukla Teatrının mətbuat  katibi Həmidə Rüstəmova “Sherg.az"a açıqlamasında teatr-studiyaların faydasından danışdı: 
"Xatırladım ki, Azərbaycan Dövlət Kukla Teatrının nəzdində “Oyuq” teatr-studiyası fəaliyyət göstərir.  Teatr-studiyamız 10 yaşındadır.  Teatr-studiyanın yaradılması "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı"na uyğun həyata keçirilib. Bilirsiniz ki, cənab Prezident İlham Əliyevin Sərəncamıyla 2009-cu ildə "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı" təsdiq edilib. Dövlət Proqramının məqsədi Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasını, milli-mənəvi dəyərlərin təbliği və dünya mədəniyyətinə inteqrasiyasını təmin etmək, milli teatr sənətinin davamlı inkişafını dəstəkləmək, Azərbaycan teatr sənətinin yaxın 10 il ərzində inkişaf perspektivlərini müəyyənləşdirmək, öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilmiş Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasına, ümumbəşəri və milli dəyərlərin təbliğinə, dünya mədəniyyətinə inteqrasiyasına, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsinə və repertuarın günün tələblərinə uyğun formalaşması məqsədlərinə xidmət etməsi idi. Nəzərdə tutulurdu ki, Dövlət Proqramı çərçivəsində yeni teatr siyasətinin formalaşması və teatr prosesində idarəetmənin optimallaşdırılması, teatr sahəsində islahatların aparılması, ümumbəşəri və milli-mədəni dəyərlərin qorunması və dünya mədəniyyətinə inteqrasiyası təmin edilməklə Azərbaycan teatr sənətinin inkişafı, teatr sahəsinin bütün janrları və peşə istiqamətləri üzrə gənc istedadların dəstəklənməsi, kadr hazırlığı və əlavə təhsil  sisteminin təkmilləşdirilməsi, xarici dövlətlərdə məqsədli təhsilin, müştərək layihələrin həyata keçirilməsi, teatr binalarının müasir standartlar səviyyəsində təmiri və maddi-texniki bazanın möhkəmləndirilməsi, teatr sahəsində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, teatr mədəniyyətinin təbliğ olunması reallaşsın. ADKT da Dövlət Proqramından irəli gələn vəzifələrin həllinə çalışaraq teatr nəzdində teatr-studiya açdı və studiya bu gün də fəaliyyətdədir. Teatr-studiya geniş konsert-tamaşalarla çıxış edir. Studiyanın aktyor truppası formalaşıb. Dövlət Proqramı başa çatsa da, bizim testr-studiya fəaliyyətini dayandırmadı. Yenə də qastrol səfərlərinə çıxırıq, Bolqarıstan, Yunanıstan, Rusiya və başqa ölkələrdə qastrol səfərlərində olmuşuq. Teatr-studiyanın repertuarında 6 tamaşa var. Bu günlərdə Laçında keçirilən “Şəhər günü” bayramında bizim teatr-studiya da iştirak etdi. Cənab Prezident də uşaqların nümayiş etdirdiyi tamaşadan məmnun qaldı". 
  H.Rüstəmova qeyd etdi ki, İncəsənət Universitetində kukla teatrı aktyoru bölməsi, kukla teatrı aktyoru ixtisası olmadığı üçün kukla teatrı üçün aktyorların yetişməsi çətin prosesdir: 
"Teatrın direktoru Rəşad Əhmədzadə (məşhur satirik şair-yazıçı Rüfət Əhmədzadənin oğludur – M.R) Elm və Təhsil Nazirliyinə, Mədəniyyət Nazirliyinə dəfələrlə müraciət edib ki,  İncəsənət Universitetində kukla teatrı kafedrası açılsın, kukla teatrı aktyorluğu tədris edilsin, bu sahədə çalışacaq kadrlar yetişdirilsin, amma hələ də bir nəticə yoxdur. Sənətin bu növü üzrə tədris olmadığına görə, kukla teatrı aktyorları ancaq səhnədə yetişir. Kukla teatrının aktyorları adətən dram aktyoru, musiqili dram aktyoru ixtisasını bitirənlər olur. Sırf kukla teatrı aktyorluğu tədrisi yoxdur. Belə şərait kukla teatrını çətin vəziyyətdə qoyur. Teatrımızda fəaliyyət göstərən studiya-teatr da bu baxımdan çox əhəmiyyətlidir.  Teatr-studiyaya hər 2 ildən bir müsabiqə yoluyla 5-15 yaş arası uşaqlar qəbul olunur. Təbii ki, onlar arasından bu sənətə həvəsi olanlar, həmçinin sənət bacarığı, aktyorluq istedadı görünənlər seçilir.  Uşaqların studiyada fəaliyyəti orta məktəbi bitirənədək davam edir. Onlar studiyaya dərsdənkənar gəlirlər, dərslərdən sonra burada məşğul olurlar.  Studiyanın rəhbəri Səidə Haqverdiyevadır. Balaca aktyorlarımızdan bir neçəsi orta məktəbi bitirdikdən sonra incəsənət sahəsinə üz tutub. Bakı Musiqi Akademiyasına, Xoreoqrafiya Məktəbinə, İncəsənət Universitetinə qəbul olunanlar var. Bizim studiya uşaqlarda teatra, incəsənətə maraq, sevgi formalaşdırır. Məhz bunu nəzərə alaraq, mədəniyyətimizin, incəsənətimizin kukla teatrı sahəsi inkişaf etsin, sıradan çıxmasın deyə biz teatr-studiyanın fəaliyyətini dayandırmırıq, fəaliyyət göstərməkdə davam edirik. Davam edəcəyik də. Çünki balacalar bizdən tamaşa gözləyir, dövlətimiz də incəsənətimizin bu sahəsinin inkişafında maraqlıdır, incəsənət xadimlərinə daim yüksək  diqqət və qayğı göstərilir".