Erməni əsilli vətəndaşların qarşısında indi 2 yol var  - Novella Cəfəroğlu 

"Bu humanitar yardımı alıb-almayacaqlarını onların gələcək həyatının, yaşayışının necə olacağını müəyyən edəcək"

Bakıdan Xankəndiyə yola salının humanitar yük avtomobilləri Ağdama doğru irəliləyir. Bu barədə APA-nın avtomobilləri müşayiət edən əməkdaşı xəbər verib. Xəbərdə bildirilir ki, unla yüklü Azərbaycan Qızıl Aypara Cəmiyyətinə məxsus iki avtomobil hazırda Hacıqabul rayonu ərazisindədir. 40 ton un yüklənmiş humanitar yardım avtomobillərinin Ağdam-Xankəndi yolu ilə hərəkət etməsi planlaşdırılır. 

Humanitar yardım karvanı yola çıxarkən KİV-ə açıqlama verən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, millət vəkili Novruz Aslan bildirib ki, Cəmiyyətin rəhbər işçiləri və könüllüləri humanitar yükün Xankəndiyə çatdırılması üçün səfərbər olub. “İlkin mərhələdə 40 ton un məmulatlarının göndərilməsi nəzərdə tutulub. Təbii ki, bundan başqa da ləvazimatlar, əməkdaşlarımızın fəaliyyəti üçün çadırlar, texniki vasitələr nəzərdə tutulub. Orada gedən proseslərə diqqətlə yanaşacağıq. Bu, bir nümayişdir. İnanıram ki, bu addım həm ictimaiyyət, həm beynəlxalq aləmdən, həm də Xankəndidə məskunlaşmış erməni əhali tərəfindən də müsbət qarşılanacaq”, - deyə Novruz Aslan vurğulayıb. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin qeyri-siyasi, qeyri-hökumət təşkilatı olduğunu diqqətə çatdıran Novruz Aslan ehtiyac olduğu təqdirdə Qarabağda yaşayan erməni əhali üçün daha sonra da yardımlar göndərə biləcəklərini bildirib.


 
Humanitar karvanın Ağdam-Xankəndi yoluyla erməni əsilli vətəndaşlarımıza aparılmasının humanizmin yüksək göstəricisi olduğunu deyən 
D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Xankəndidə yaşayan erməni əsilli vətəndaşların qarşısında indi 2 yol var: 

- Onların ayrı yolu yoxdur. Ya bu humanitar yardımı qəbul edib, Azərbaycan qanunlarına tabe olmalı, Azərbaycan vətəndaşı olduqlarını təsdiq edib bütün digər vətəndaşlarımıza şamil edilən hüquqlardan onlar da eyni dərəcədə istifadə etməli, ya da çıxıb getməlidirlər. Bütün dünya təsdiqləyir ki, Qarabağ Azərbaycan ərazisidir  və bu ərazilərdə Azərbaycanın suveren hüquqları işləyir. Ermənilər arasında etiraf edirlər ki, Ermənistan səhv siyasət yürüdür, bununla heç nəyə nail ola bilmirlər, amma xalqı rəzil günə qoyurlar. Xankəndidəki ermənilərin bu humanitar yardımı alıb-almayacaqlarını onların gələcək həyatının, yaşayışının necə olacağını müəyyən edəcək. Yaxşı yaşamaq istəyirlərsə, Azərbaycan qanunlarına tabe olmalıdırlar. Bu gün hər şey bilinəcək. 

N.Cəfəroğlu qeyd etdi ki, Qızıl Aypara Cəmiyyətinin gumanitar yardım karvanın önünü heç kim kəsə bilməz. Bu, humanitar təşkilatdır. Necə ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Qızıl Aypara Cəmiyyəti də dnüyada nüfuz qazanmış təşkilatdır və sırf humanitar missiya yerinə yetirir.