Binaların sinifləndirilməsi: Mənzillərin qiymətinə də təsir göstərəcək

Hansı binalar ki, enerjiyə qənaət edilən hesab olunacaq, onlardan elektrik enerjisinə görə daha az ödəniş tələb olunacaq
 
 Nazirlər Kabinetinin avqustun 26-da təsdiqlədiyi “Binalar üçün minimum enerji effektivliyi Normaları”na əsasən, Azərbaycandakı binalar üçün enerji sərfinin hesablanması nəzərdə tutulur. Energetika Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, ölkə Prezidentinin 21 avqust 2022-ci il tarixli fərmanına əsasən, binalar üçün minimum enerji effektivliyi normalarının və binaların enerji effektivliyi üzrə pasportlaşdırma qaydalarının təsdiq edilməsi tapşırılıb. "Binalar üçün minimum enerji effektivliyi normaları" binaların enerji effektivliyi üzrə sinifləndirilməsi məqsədilə normaların müəyyən edilməsi məqsədi daşıyır. Binanın enerji sinfi həmin binada istehlak olunan enerji miqdarının normadan kənarlaşması ilə müəyyən edilir. 

Lakin bunun üçün əvvəlcə binaların təyinatından asılı olaraq həmin binalarda hər kvadrat metr üçün minimum enerji istehlakı norması təsdiq edilməlidir. Bu məqsədlə hazırda qüvvədə olan tikinti norma və qaydaları binalarda enerji effektivliyinin təmin edilməsi məqsədilə təkmilləşdirilməli və onların əsasında enerji sərfinin hesablanması metodologiyası təsdiq edilməlidir. 

Metodologiya istər layihələndirilən, istərsə də mövcud binada istehlak olunacaq və ya olunan enerji miqdarının və onun normadan nə qədər kənarlaşdığını, bununla da binanın A, B, C, D və ya E sinfinə aid olduğunu müəyyən etməyə imkan verəcək. 

Enerji effektivliyi nəzərə alınmaqla tikinti norma və qaydalarının təkmilləşdirilməsi yeni binaların daha enerji effektivliyi, enerji qənaətli tikilməsinə gətirib çıxaracaq. Belə ki, enerji qənaətli binalar bina mülkiyyətçilərinin, idarəçilərinin və sakinlərin enerji xərclərini azaltmaqla yanaşı, ölkənin enerji resurslarına da qənaəti təmin edir və enerjinin istehsalı və istehlakı zamanı yaranan istixana qazlarının havaya atılmasını da azaldır”.
 

Gözlənilən dəyişikliyi “Sherg.az”a şərh edən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qeyd etdi ki, paytaxtda artıq tkintisi başa çatmış, eləcə də illərlə əvvəl tikilib istifadəyə verilmiş xeyli sayda yaşayış binası var:

- Bu binalar enerji effektivliyi üzrə sinifləndirilməsi necə aparılacaq, dəqiq bilinmir. Sovet vaxtı tikilmiş binalarda, eləcə də 20-ci əsrin sonları, 21-ci əsrin əvvəllərində tikilmiş binalar fərqli tikinti normativləriylə inşa edilib. Köhnə binalarda enerji effektivliyinə nail olmaq çətin məsələdir. Yeni tikilmiş əksər binalarda lift işləyir, mənzillər işıqlandırılır, həyətlərin, binaların özünün də xüsusi işıqlandırma sistemi var. Bunlar necə hesablanacaq? Binaların bundan sonra enerji qənaətli tikilməsi yaxşı haldır. Amma illərlə əvvəl tikilib istifadəyə verilmiş binalardan enerjiyə qənaət etməyi necə tələb etmək olar, bir halda ki, həmin binalar elektrik enerjisindən məişətdə, işıqlandırmada çox istifadə edilməsi labüddür. Bir də ki, enerji sərfiyyatının haqqını zatən sakinlər ödəyir. Kim nə qədər enerji sərf edirsə, haqqını da ödəyir. Ola bilsin ki, enerji sərfiyyatına görə binaların sinifləndirilməsi gələcəkdə mənzillərin qiymətinə də təsir etsin. Hansı binalar ki, enerjiyə qənaət edilən hesab olunacaq, onlardan elektrik enerjisinə görə daha az ödəniş tələb olunacaq. Bu amil mənizllərin qiymətinə də təsir göstərə bilər.