Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım karvanı hələ də Ağdam-Xankəndi yolundadır. Bu barədə “Report”un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir.
İçərisində 40 ton un olan iki TIR dünəndən etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.
Qeyd edək ki, ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.
Humanitar yardımın aparılmasını "Sherg.az"a dəyərləndirən sabiq xarici işlər naziri Elmar Məmmədyarov vurğulayıb ki, Azərbaycan dəfələrlə Qarabağda yaşayan ermənilərin öz vətəndaşı olduğunu deyib:
"Xankəndindəki erməni əsilli əhali həqiqətən də humanitar baxımdan əziyyət çəkirlərsə, onlara hökumət yardım etməlidir. Yəni qanuni baxımdan hər şey düzgündür. Ermənilərin bu yardımı qəbul etməsi üçün isə bir az zaman lazımdır. Digər tərəfdən Fransa mövzuda çox emosionallıq nümayiş etdirir. Bu isə problemin həllini dərinləşdirir. Ümumiyyətlə Paris merinin ermənipərəst olduğu əvvəlcədən məlum idi. Çünki Fransada güclü erməni lobbisi var. Lakin anlamıram ki, dünyada çox sayda əziyyət çəkən insanın olmasına baxmayaraq Fransa tərəfinin niyə sırf ermənilərə ürəkləri yanır? Yardım etmək istəyirlərsə, Afrikada, Asiyada ac qalan insanlara etsinlər. Burada Fransanın onlara dəstək olmağının əsas səbəblərindən biri də odur ki, Xankəndində yaşayan ermənilərin əksəriyyəti Fransadan köçmədirlər".