Yeni proqram sosial xidmətlər sahəsində inkişafı hədəfləyir

İctimai və dövlət maraqlarının müdafiəsi

Bu da vətəndaşların sosial rifahının  artmasıyla nəticələnməlidir 


  Azərbaycan dövlət siyasətinin sosialyönümlü olması, dövlət büdcəsindən sosial təyinatlı layihələrə daha çox vəsait ayrılması, bununla da vətəndaş məmnunluğunun, ictimai maraqların təmin edilməsi ölkə başçısı, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarda təsdiqini tapır. Cənab Prezidentin təsdiqlədiyi “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı” da  ölkəmizdə sosial xidmətlər sistemində yeni inkişaf mərhələsinə keçidi şərtləndirir. Dövlət Proqramı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında qeyd olunur ki, 2026-cı ilin sonunadək hamı üçün bərabər iştirak imkanını təmin edən sosial xidmətlər sisteminin və bu sahədə ixtisaslı kadr potensialının formalaşması, sosial xidmətlərin əhatəsinin genişlənməsi, ünvanlılığın və keyfiyyətli xidmətlərə əlçatanlığın təmin edilməsi və əhalinin göstərilən xidmətlərdən məmnunluq səviyyəsinin artması yeni Dövlət Proqramının əsas hədəf göstəriciləridir. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində 2026-cı ilin sonunadək sosial xidmət sistemi ilə bağlı qanunvericilik bazasının təkmilləşəcəyi, həssas əhali qruplarına göstərilən xidmətlərin kəmiyyət və keyfiyyətinin artacağı gözlənilir. Eləcə də müntəzəm həyata keçirilən profilaktik abilitasiya və reabilitasiya tədbirləri stasionar sosial xidmətə ehtiyacı olan şəxslərin sayının azalmasına imkan verəcək. Həmçinin Proqram üzrə görüləcək tədbirlər xidmət təklifinin artması ilə rəqabət mühitinin güclənməsinə səbəb olacaq. Bu da öz növbəsində sosial xidmətlərin keyfiyyətinə müsbət təsir göstərəcək. Dövlət sifarişi ilə sosial xidmət sahəsində həyata keçirilən layihələrin sayının ildən-ilə artırılması, innovativ texnologiyaların tətbiqi ilə sosial xidmət sahəsində vahid informasiya məkanının yaradılması da nəzərdə tutulur. Yeni Dövlət Proqramı ilə sosial xidmət sahəsində elektron xidmətlərin təkmilləşməsi və yeni e-xidmətlərin tətbiqi, sosial xidmət infrastrukturunun müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılması, sosial xidmətlərin təşkilində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın davam etdirilməsi, bu sahədə dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və s. nəzərdə tutulur.

  Yeni Dövlət Proqramının məqsədləri haqqında “Sherg.az"a danışan iqtisadçı Fuad İbrahimov qeyd etdi ki, ƏƏSMN-nin şərhindən də göründüyü kimi, Proqram sosial xidmətlər sahəsində inkişafı hədəfləyir və bu da vətəndaşların sosial rifahının  artmasıyla nəticələnməlidir: 
"Biz görürük ki, dövlət büdcəsinin böyük hissəsi sosialyönümlü layihələrə sərf olunur. Sosial layihələrə dövlət büdcəsindən ayırmaların miqdarı hər il artırılır. Məsələn, “Əmək pensiyaları haqqında” qanununda edilmiş müvafiq dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub. Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb. Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Və sosial müavinətlərin miqdarında da son illərdə artım tempi müşahidə olunur. Şəhid ailələrinə, müharibə veteranları, əlilliyi olan şəxslərə, ailə başçısını itirməyə görə təyin olunan müavinətlərdə də artım var. Ünvanlı sosial yardımlar, aztəminatlı ailələrə, beşdən çox uşağı olan ailələrə, övladın dünyaya gəlməsinə görə birdəfəlik ödəmələr, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkmiş şəxslərə də sosial müavinətlər ödənilir. Məsələn, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,3 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3,1 min nəfərə birdəfəlik müavinətlər ödənilib. Eyni zamanda müxtəlif kateqoriyadan olan 388,2 min şəxsə Azərbaycan Prezidentinin təqaüdü təyin olunub. Sosial xidmətlər sisteminin inkişafı o deməkdir ki, əvvəla, qanunvericilik bazası təkmilləşir, əhalinin həssas qruplarına göstərilən xidmətlərin həm keyfiyyəti, həm də kəmiyyəti – sayı artır. Bura müntəzəm həyata keçirilən profilaktik tədbirlər, reabilitasiya tədbirləri, stasionar sosial xidmətlər də daxildir. Ölkəmizdə Qarabağ müharibəsi veteranları, Qarabağ müharibəsində fiziki sağlamlığını itirmiş vətəndaşlarımız – qazilərimiz var. Onların tibbi və sosial reabilitasiyası əsas hədəflərdən biridir. Qazilərimiz “Yaşat” Fondu tərəfindən qardaş Türkiyəyə müalicəyə göndərilir, ölkə daxilində də onlara zəruri tibbi xidmətlər göstərilir, müxtəlif reabilitasiya vasitələriylə təmin edilirlər. Müharibə əlillərinin, həmçinin fiziki imkanları məhdud şəxslərin şəhərdə hərəkət sərbəstliyinin mümkün qədər geniş təmin edilməsi də, hesab edirəm ki, həyata keçiriləcək sosial xidmətlərə aid olmalı, bu sahəyə də diqqət artırılmalıdır".   

  F.İbrahimov işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislərin ilkin maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə onlara birdəfəlik müavinətin təyin olunmasının əhalinin sosial rifah halının yaxşılaşmasına yönəldiyini bildirdi: 
"İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma prosesi dövlətimiz üçün, ümumən xalqımız çox önəmlidir. Təsadüfi deyil ki, cənab Prezident bu işlərə birbaşa nəzarət edir, insanlarımız doğma yurdlarına qayıdışının sürətlənməsi üçün bütün lazımi addımlar atılır. İşğaldan azad edilmiş ərazilərdə işləyən şəxslərə təyin olunan birdəfəlik yardımlar da çalışanları təşviq etmək məqsədi daşıyır. Qeyd edilir ki, birdəfəlik müavinət elektron sistem üzərindən proaktiv qaydada, yəni həmin işçilərin müraciət etməsinə və sənəd təqdim olunmasına ehtiyac olmadan həyata keçirilir. Əmək Məcəlləsinə əsasən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan, azad edilmiş ərazilərimizdə əmək müqaviləsi əsasında işləyən işçilər aiddir. İşğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislərə birdəfəlik müavinət verilməsi ilə yanaşı, onların aylıq vəzifə maaşlarına əlavələr hesablanması və onlara hər il 5 gün əlavə məzuniyyət verilməsi də nəzərdə tutulub. Qeyd olunduğu kimi, bütün bunlar cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış qanunvericilik aktları ilə həmin ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislər üçün nəzərdə tutulan sosial dəstək tədbirlərindən biridir".