""Təcrübəli partiya sədri Milli Məclisdə deyib ki, işğaldan azad olunmuş ərazilərdən birində erməni aktivist George Vanyanın adına küçə verək, yəni adını əbədiləşdirək". Bu sözlər başıboş insanları manipulyasiya etmək istəyən təcrübəli siyasət adamı İqbal Ağazadənin yeni yazdığı məqaləsindən götürülüb. Heç şübhəsiz ki, burada bizim son günlər Azərbaycanın haqlı davasını müdafiə etdiyinə və Ermənistanı işğalçı adlandırdığına görə müəmmalı şəkildə öldürülən George Vanyan haqqında fikirlərimizi nəzərdə tutub".
Sherg.az xəbər verir ki, bu sözləri özünün feysbuk səhifəsində millət vəkili Fazil Mustafa deyib. Fazil bəy bir daha israrla bildirib ki, Azərbaycanın faydasına çalışmış hər kəsin haqqını verməliyik. Bunun rus, yəhudi və ya erməni olması fərq etməz:
"Təklif etmişik ki, xarici siyasətdə əlimizdə fakt olsun deyə terrorçu erməni və sülhsevər erməni obrazları yaratmalıyıq. Əgər bu ərazidə ermənilər yaşayacaqsa, onları sülhsevərliyə təşviq etmək üçün Vanyan və yaxud başqa sülhsevər şəxsin adını onların yaşadığı küçəyə də vermək mümkündür. Yəni Allah etsin ki, burada erməni qalmasın, əgər bu və ya digər səbəbdən qalacaqlarsa biz dünyadan gələn təzyiqləri nəzərə alaraq bəzi manevrlər etməliyik. Bu qədər sadə və aydın. Maraqlıdır ki, bu fikirlər yazdığım məqalədə çox ciddi təkliflərin içində əsas vurğunu izah etmək üçün yazılıb. İndi anlaşılır ki, İqbal Ağazadə məqaləni oxumadan siyasi əxlaqa uyğun olmayan addım atıb. Birincisi öz yazısında məsuluyyətsizcəsinə bunu Milli Məclisdə edilən çıxış kimi vurğulayıb, halbuki Milli Məclisdə tamamilə fərqli və maraqlı təkliflər səsləndirmişəm. Demək ki yazı mətnini oxumadan eşitdiyin yalan üzərindən səviyyəsiz bir davranış sərgiləmisiniz. İkincisi, mətndə Xankəndi adı çəkilmədiyi və "ermənilərin yaşayacağı ərazidə küçələrin biri" ifadəsi vurğulandığı halda Xankəndi üzərindən yalan-palan ortaya qoyub. Çünki bu Qarabağda ayrıca qəsəbə və ya kənd də ola bilər. Üçüncüsü, bu gün erməniləri qayıtmağa çağıran və onların hüquqlarına təminat verən və məhz sülhpərvər obrazı ortaya qoyan Azərbaycan dövlətidir. Nəticə isə göz qabağındadır: Azərbaycan əleyhinə xaricdə hansısa ciddi sənəd qəbul olunmadı. Məhz qalib dövlət kimi atılan humanist addımlara görə.
İndi bu cür saxtakarlıqla, yalançı milliyətçiliklə bəzənib bizim fikirlərə qarşı kampaniya aparanların ifşa olunacağını hamınız görəcəksiniz. Anlaşılacaq ki, əsl aşağılıq şəhid, qazi adını manipulyasiya edib, Qarabağ üzərindən süni vətənpərvərlik çağırışları edib cəmiyyəti yanlış istiqamətə yönəltməkdir, insanlarımızın reallıq duyğusunu zədələməkdir".