Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana səfəri çərçivəsində bölgədə hələ də sülhün əldə olunmadığını deyərək, bunun üçün indi böyük imkan olduğunu vurğulayıb. Sherg.az xəbər verir ki, dövlət başçısı deyib ki, Cənubi Qafqazda sülhün təmin olunmasının vaxtı çatıb:
"Gürcüstan və Azərbaycan hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləyirik. Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn əsas prinsipidir. Ərazi bütövlüyünün pozulması yolverilməzdir”.
Əliyev Qaribaşvili ilə Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə də toxunduqlarını bildirib:
"Üç il əvvəl biz öz ərazi bütövlüyümüzü təmin etdik. Keçən ay biz bütün ölkə üzərində suverenliyimizi tam təmin etdik. İndi Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh sazişi üzərində fəal işləmək lazımdır. Əgər buna nail olsaq, Cənubi Qafqazda yeni siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri üçtərəfli əməkdaşlığa başlaya bilər. Bir çox sahələrdə uğurlu əməkdaşlıq etmək olar. Nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı investisiya kimi əməkdaşlıq mümkündür. Biz bütün bunlardan məhrum idik. Çünki. Azərbaycan torpaqları uzun illər işğal altında olub və bu vəziyyət normallaşma addımlarına mane olub.İndi vaxtı çatıb və bu şansı əldən vermək böyük səhv olardı”.
Bəzi dövlətlərin və beynəlxalq təşkilatların Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə dəstək verməyə çalışdığını bildirən Əliyev, "Bunu təqdir edirik. Qərəzli olmasa, onların vasitəçiliyini qəbul edəcəyik. Lakin tarixi əlaqələri və coğrafi faktorları nəzərə alaraq ən yaxşı seçim Gürcüstan ola bilər.: "Cənab Baş nazir (Qaribaşvili) vasitəçilik imkanlarını ortaya qoyur. Biz buna hazırıq. Eyni yanaşmanı Ermənistandan da gözləyirik. Ermənistan razılaşarsa, müvafiq qurumlarımızın rəhbərləri dərhal Gürcüstan gələ bilərlər. Gürcüstan həm ikitərəfli, həm də üçtərəfli görüşlər üçün ən doğru məkan ola bilər”deyə bildirib.