Azərbaycan 8 kəndinin geri qaytarılmasında israrlıdır- POLİTOLOQ

Paşinyan hakimiyyəti bu addımın Ermənistanda yarada biləcəyi daxili vəziyyəti nəzərə alaraq, prosesi mümkün qədər uzatmağa cəhd göstərir

Ermənistan hakimiyyəti Azərbaycanın tələb etdiyi 8 kəndi (Qazaxın 7 kəndi və Sədərəyin Kərki kəndi-red) qaytarmağa hazırlaşır.
Bu barədə “168.am” saytı yazıb. Sayt qeyd edir ki, Nikol Paşinyan son müsahibələrində bu məsələyə açıq şəkildə toxunub.

“Baş nazir Azərbaycanın bu kəndlərlə bağlı hüquqi əsası olmadığı haqda danışsa da və erməni kəndlərinin də qaytarılması tələbini irəli sürsə də, əslində bu məsələ 2020-ci ilin 10 noyabrında həll edilib. Həmin vaxt Bakı bu kəndlərin qaytarılması şərtini də bəyanata daxil etmişdi, lakin son anda çıxartdılar və Paşinyan bununla bağlı öhdəlik götürdü. İndi həmin öhdəliyin yerinə yetirilməsinin vaxtı çatıb”, – sayt yazır.
Sayt Ermənistanda bu haqda daxili müzakirələrin başlandığını bildirir: “Paşinyan kəndlərin qaytarılmasında heç bir maneə görmür. Yaxın dövrdə bu məsələ aktuallaşacaq”.
Ermənistanın milli təhlükəsizlik xidmətinin keçmiş direktoru David Şahnazaryan da hesab edir ki, Paşinyan artıq prosesin sonuna çatıb və ilk növbədə 8 kəndi Azərbaycana təhvil verəcək, daha sonra dəhliz tələbini yerinə yetirəcək.

Azərbaycanın 8 kəndi ilə bağlı Ermənistan mediasında yazılan xəbərlər və ümumiyyətlə kəndlərin gələcək taleyi ilə bağlı “Sherg.az”a danışan  politoloq Elçin Xalidbəyli bildirib ki, Azərbaycan 8 kəndin geri qaytarılmasında israrlıdır:

 “Rəsmi Bakı bunu qətiyyətlə Ermənistandan tələb edir. Üstəlik, indiyə qədər müxtəlif platformalarda keçirilmiş üçtərəfli görüşlərdə bu barədə prinsipial anlaşmaların olduğu da bildirilir. Yəni, Ermənistanın Azərbaycana aid kəndləri geri qaytarmaqdan başqa çıxış yolu yoxdur. Hər halda, Azərbaycana aid kəndlər geri qaytarılmadan iki ölkə arasında yekun sülh sazişinin imzalanması real görünmür. Rəsmi İrəvan da əvvəl-axır Azərbaycanın 8 kəndinin geri qaytarılmasının qaçılmaz olduğunu qəbul edir. Ancaq Paşinyan hakimiyyəti bu addımın Ermənistanda yarada biləcəyi daxili vəziyyəti nəzərə alaraq, prosesi mümkün qədər uzatmağa cəhd göstərir. Halbuki, vaxtın uzadılması qətiyyən çıxış yolu deyil. Bu məsələ istənilən halda, Azərbaycanın maraqları və beynəlxalq hüquq normaları çərçivəsində həll ediləcək. Və buna əngəl törətmək mümkün deyil”.

Politoloq Ermənistanın Zəngəzur dəhlizi  ilə bağlı məsələni də həll etmək məcburiyyətində olduğunu vurğulayıb:

“Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycana dəhlizinin verilməsinə qarşı olmadığını, onun açılmasına hazır olduğunu hər imkanda vurğulayır. Ancaq burada önəmli məqamlardan biri ondan ibarətdir ki, baş nazir Nikol Paşinyan Zəngəzur dəhlizinə Ermənistanın nəzarət etməli olduğunu da qabardır. Bu da rəsmi İrəvanın dəhlizin açılması ilə bağlı prosesi uzatmaq taktikasıdır. Çünki 10 noyabr üçtərəfli anlaşmasının 9-cu bəndində bu məsələ ifadə olunub. Ermənistan həmin anlaşma ilə Zəngəzur dəhlizinin açılması ilə bağlı öz üzərinə hüquqi öhdəlik götürüb. Həmin sənədə görə, Zəngəzur dəhlizinə Rusiya sərhəd qoşunlarının nəzarət etməsi nəzərdə tutulur. Və rəsmi İrəvanın bu anlaşmadan yayınmaq şansı yoxdur, əvvəl-axır Zəngəzur dəhlizi də açılacaq. Hələlik Paşinyan hakimiyyəti bu öhdəliyindən yayınmağa, mümkün qədər vaxtı uzatmağa cəhd göstərir. Çünki hazırda Zəngəzur dəhlizinə nəzarət uğrunda ABŞ və Qərb Rusiya ilə amansız mübarizə aparır. Xüsusilə də, Fransa və Avropa Birliyi Zəngəzur dəhlizinin Rusiyanın nəzarətinə keçməsinin qarşısını almaq üçün rəsmi İrəvanın öhdəliklərindən yayınmasına dəstək verir. Ona görə də, böyük ehtimalla Paşinyan hakimiyyəti Qərblə Rusiya arasında mübarizənin nəticələrini dəqiqləşdirməyə çalışır. Ancaq bu dəhlizin açılmasına əngəl törədə bilməyəcəyini də anlayır. Yəni, əvvəl-axır həmin dəhlizin açılması qaçılmaz xarakter alacaq”.