Ermənistanın mina terrorunun qarşısını alacağıq!

“Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyi azad edilmiş ərazilərdə minaya düşən heyvanlarla əlaqədar heyvanların müdafiəsi üzrə beynəlxalq təşkilatlara müraciət edib.

Müraciətdə deyilir:

“Biz – Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq Ermənistanın Cənubi Qafqazın təbiətinə, bioloji müxtəlifliyinə, heyvanlar aləminə qarşı mina terrorunu qəti şəkildə pisləyirik.
İlkin məlumatlara görə, 2020-ci ildə Ermənistan Respublikasının işğalından azad edilmiş və 2023-cü ildə Ermənistan silahlı qüvvələrinin qalıqlarından, qeyri-qanuni dəstələrdən təmizlənməklə Azərbaycan Respublikasının suverenliyinin və Konstitusiya quruluşunun bərpa olunduğu ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda 1.5 milyondan çox mina və partlamamış hərbi sursatın mövcud olması ehtimal olunur. Təəssüf ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələrdən biridir.

Bu günlərdə azad edilmiş ərazilərdə mina qurbanları olan 2 ayının (Ursus arctos) video və fotoları ictimailəşib. 
Biz bu təsvirlərdən hədsiz dərəcədə sarsılmışıq. Ayılardan birinin minaya düşərək şikəst qalması, digər ayı balasının isə minanı tapdalamaqla ölməsi aydın müşahidə edilib. Təəssüflə qeyd etmək lazımdır, ayı balasının ölümünə səbəb olan mina 2021-ci ildə Ermənistanda istehsal olunub. Bu isə o deməkdir ki, Ermənistan 2020-ci ildə 44 günlük müharibədən sonra da Laçın yolundan sui-istifadə edərək Azərbaycan ərazilərini minalamada davam edib. Yalnız 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun icra etdiyi lokal xarakterli antiterror tədbirləri ilə Ermənistanın Azərbaycanın suveren ərazilərini minalamasının qarşısını alınıb.

Ümumdünya Təbiəti Mühafizə Fondu bir neçə il əvvəl (WWF) Ermənistanla Azərbaycan sərhədində ayaqları sikəst qalmış 2 bəbirin (Panthera pardus) təsvirini də yaymışdı.
Canlı aləm Ermənistanın hərbi-siyasi təxribatlarının qurbanı olmamalıdır. Vəhşi təbiət, heyvanlar bizdən kömək istəyir”.
 
Mövzu ilə bağlı “Sherg.az”a danışan Ekoloji Maarifçilik Monitorinq İctimai Birliyinin rəhbəri Qəmzə Yusubova bildirib ki, Azərbaycan torpaqları işğal altında olduğu 30 ilə ərzində ciddi şəkildə ekoloji terrora məruz qalıb: 

“Hazırda ərazilərimiz işğaldan azad olunsa belə, yenə də mina terrorunun təsiri altındadır. Minadan təmizləmə çox ciddi və çətin prosesdir. Ermənistan dövləti mina xəritələrini vermədiyi üçün həmin ərazilər hələ də ciddi ekoloji təzyiq altındadır. Bizim həmin bölgədəki flora və faunamız ekoloji terrora məruz qalmağa davam edir. Bu gün ictimailəşən 2 ayının mina terroruna məruz qalması məsələnin sadəcə görünən tərəfidir. Hər gün minlərlə belə hadisələr baş verir. Nəinki ayı, qırmızı kitaba düşən heyvanlarımız həmçinin bəbir, ceyran, cüyür, canavar , tülkü və s. canlı orqanizm terrora qurban olur. Bölgədə hər hansı mina partladıqda minlərlə canlı aləm məhv olur. Bu terror bu gündə davam etməkdədir”.

Q.Yusubova beynəlxalq təşkilatların Azərbaycana qarşı hər zaman ikili standartlar tətbiq etdiyini vurğulayıb: 

“Belə halların hər zaman şahidi oluruq. Bu yalnız ekoloji deyil, siyasi məsələlərdə də özünü büruzə verir. Baxmayaraq ki, vətəndaş cəmiyyəti beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər edir.  Bəzən  müraciətlər cavablandırılır, amma çox zaman cavabsız qalır. Cavablandırılmayan, münasibət bildirilməyən məsələlərə qarşı səssiz qala bilmərik. Dünyaya səsimizi çatdırmayana kimi dayanmayacağıq. Necə ki, 30 illik işğal olunmuş torpaqlarımızı azad etdik, Azərbaycanın təbiətinə qarşı Ermənistan tərəfindən törədilən mina terrorunun da beynəlxalq hüquq çərçivəsində qarşısını alacağıq”.