Paşinyan hakimiyyətində Rusiyaya qarşı münasibətdə ikitirəlik yoxdur!

Ermənistan Baş naziri Nikol Paşinyanın lideri olduğu “Vətəndaş müqaviləsi” partiyasında anti-Rusiya əhval-ruhiyyəsinin dərinləşməsi və bəzi üzvlərin onlarla razılaşmaması partiyada parçalanmaya səbəb ola bilər.

Bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.

Qəzetin yazdığına görə, partiya üzvlərinin Baş nazirlə dərin, lakin hələ ki dinc fikir ayrılığı var.

“Onlar bir-birləri ilə söhbətlərdə Paşinyanı və onun anti-Rusiya komandasını tənqid edirlər, lakin hələ ki açıq şəkildə heç nə bildirməyiblər”, - qəzet aydınlıq gətirir.

Mövzu “Sherg.az”a danışan  Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, "Joxovurd" qəzetinin bu iddiası həqiqəti əks etdirmir: 

“Doğrudur, bu gün Ermənistanın daxilində Rusiyaya qarşı ictimai siyasi münasibətlər sistemində  müəyyən fikir ayrılıqları mövcuddur. Amma bu daha çox Nikol Paşinyan və komandası ilə onlara rəqib olan siyasi qüvvələr arasında olan fikir fərqləridir. Faktiki olaraq Nikol Paşinyan hakimiyyətə gəldiyi dövrdən bu zamana qədər dəfələrlə öz kadrlarını dəyişib. Güvənmədiyi şəxsləri hakimiyyət sistemindən uzaqlaşdırmaq onun siyasətinin bir parçasıdır. O, bunları insan hüquqlarını kobud şəkildə pozaraq kimsənin fikrini dinləmədən həyata keçirib”.
 T. İsmayılov Paşinyanın yeritdiyi siyasət səbəbiylə onun hakimiyyətinin içərsində Sorosçu bir komanda formalaşdığını vurğulayıb: 

“Sorosçu komandanın üzvlərinin bir çoxu yaxın keçmişə qədər beynəlxalq platformalarda və eyni zamanda Ermənistanın daxilindəki ictiami-siyasi proseslərdə Rusiyaya nifrət nitqini üstün tutublar. Rusiyaya qarşı təhqirəramiz bir mövqe nümayiş etdirilib. Bu baxımdan hazırda Paşinyan hakimiyyətində Rusiyaya qarşı münasibətdə ikitirəliyin olmadığını düşünürəm. Əksinə hazırda  rəsmi Kreml düşmənçiliyi Ermənistanın ictimai-siyasi fikrində özəlliklə siyasi iqtidar tərəfindən trend halına gətirilir. Ölkədə anti-Rusiya ahval-ruhiyyəsi formalaşdırılır. 

Paşinyanın bu siyasətinə qarşı çıxmaq istəyənlərsə, o cəsarətə malik deyillər ki, onlar vəzifə kürsüsünü tərk edib, iqtidar komandasına qarşı çıxsınlar. Amma əlbəttə Rusiyaya yaranmağa çalışan keçmiş müdafiə naziri Seyran Ohanyan başda olmaqla müəyyən bir qrup da var. Lakin onlar da yaxşı başa düşürlər ki, hazırda Ermənistan elə bir uçuruma düşüb ki, tezliklə onları bu uçurumdan xilas etmək mümkün deyil”.