İranın açıqlamaları bəyanatdan o yana keçmir  - ŞƏRH

İsrail hər kəsi hərəkətə keçməyə məcbur edə biləcək “qırmızı xətləri” keçib.

Bunu İran Prezidenti İbrahim Rəisi X sosial şəbəkəsində paylaşımında bildirib.

İbrahim Rəisi qeyd edib ki, Vaşinqton Tehrandan heç bir addım atmamağı xahiş edir, ancaq İsrailə hərtərəfli dəstək göstərməyə davam edir.

İbrahim Rəisin sözlərini “Sherg.az”a şərh edən hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki, bu açıqlamalar davam edən münaqişələr fonunda İran dövlətinin bölgədəki maraqlarının təmin edilməsinə yönəldilib:

“İranın müharibəyə qoşulmaq niyyəti  yoxdur. Sadəcə olaraq İbrahim Rəisi ABŞ-nin bölgəyə müdaxilələrindən və təsirlərindən narahatdır. O, Amerikanın Yaxın Şərqdə böyük xaos yaratmaq cəhdlərini yaxşı başa düşür. İran hakimiyyətinin əsas istəyi münaqişəni öz sərhədlərindən uzaqda tutmaqdır. Verilən  bəyanatlarda buna hesablanaraq atılan addımlardır. Onlar bölgədə var olduqları  mesajını verməyə çalışırlar”. 
H.Səhrablı İranın İsrail Fələstin qarşıdurmasının alovlanmadan öncə davamlı olaraq İsraili hədəf aldığını vurğulayıb: 

“Müharibə  başladıqdan sonra isə daha çox Amerikaya qarşı açıqlamalar verməyə başladılar. İbrahim Rəisi istər sərhədləri daxilindəki, istərsə də ümumi regiondakı maraqlarını müdafiə etmək üçün özlərinə əsas rəqib ABŞ-ni sayır.  Ona görə də bütün açıqlamalar və atılan addımlar Amerika əleyhinə həyata keçirilir. O ki qaldı  “qırmızı xəttləri keçib” açıqlaması İran tərəfindən təkrarçı bir siyasi ifadə halına gəlib. Qarabağda əməliyyatlar başladığı zaman belə açıqlamaların şahidi olmuşuq. Amma əməliyyatlar zamanı heç bir addım ata bilmədi. İranın bu münaqişədən əvvəldə Fələstinə qarşı olan addımların onlar tərəfindən əks cavabla qarşılıq veriləcəyini bildirirdi. Lakin hər hansı qarşılıq verilməsini görmədik. İranın açıqlamaları bəyanatdan o yana keçmir”.