“Xudafərin”in analoqu tikilir: İranla münasibətlər yüksək səviyyəyə çıxacaq

Prezident İlham Əliyev Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14 (on dörd) milyon manat ayrılıb. Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Tikiləcək körpünün Azərbaycan İran əlaqələrinə təsirləri barəsində “Sherg.az”a danışan tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov bildirib ki, İran və Azərbaycan arasında hər ikisi müsəlman ölkəsidir. Bu səbəbdən onlar arasında münasibətlər yaxşı səviyyədə olmalıdır: 

“Amma çox təəssüflər olsun ki, İran 30 il müddətində Qarabağ ermənilərini Azərbaycana qarşı istifadə edib. Bu konteksdə müxtəlif təxribatların baş verməsinə səbəb olub. Rəsmi Tehranla münasibətlərin pozulması səbəbsiz deyil. Bu günə qədər Azərbaycan səfirliyinə edilən hücum, həmçinin orada yaşayan vətəndaşlarımızın təzyiqlərə məruz qalması kimi bir çox xoşa gəlməz hadisələr baş verib”.

 F.Abbasov bütün olanlara baxmayaraq son zamanlar İranın Azərbaycana qarşı müsbət yönümlü addımlar atmasınının diqqət çəkdiyini vurğulayıb: 

“Bu zəmində hazırda Azərbaycanı Naxçıvanla bağlayan Zəngəzur yolunun Ermənistanın imtina etməsi təqdirdə İrandan keçməsi müzakirə edilməkdədir. Əgər bu proyekt həyata keçirilərsə, İranın Azərbaycanla əlaqəsi çox yüksək səviyyəyə çıxacaq. Tarix boyu iki ölkənin qarşılıqlı əlaqəsini təmin edən Xudafərin körpüsünün bir analoqu hesab olunan körpünün tikilməsi buna sübutdur. Araz çayı üzərindən keçəcək bu körpü əlaqələrin daha yüksək səviyyəyə gəlməsinə səbəb olacaqdır. İran artıq Azərbaycana qarşı təxribat, terror və həmçinin digər xalqları istifadə etməklə məqsədinə nail ola bilməyəcəyini anlayıb. Bunun yerinə regionda bərabər işləmək, nəqliyyat imkanlarından istifadə etmək, həmçinin ekonomik qalxınmanı nəzərə alaraq əməkdaşlıq etməyin daha üstün olduğunun fərqindədir”.