Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etməyə məcburdur

Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması beynəlxalq faktdır, hüquqi faktdır. Və heç bir normal dövlət bunun əksini deyə bilməz, bunlar beynəlxalq səviyyədə tanınmış sərhədlərdir və onlar qorunub saxlanılır.

Bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan deyib.

“Niyə 44 günlük müharibədən sonra Ermənistan sülhə doğru getdiyini, ölkəmizə sülhə hər şeydən çox ehtiyac olduğunu bəyan etdi? Çünki müharibədən sonra resurslarımız, ölkənin vəziyyəti və siyasi vəziyyət ilk növbədə Ermənistanı təhdid edirdi. Siz necə təsəvvür edirdiniz Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadığını bəyan edir, Azərbaycan ərazilərinin bizim olduğunu deyir və onları ələ keçirmək istəyir? Bu, birbaşa müharibənin başlanğıcı olardı, bir neçə günə müharibə başlayacaqdı. De-yure bütün dünya tanıyır ki, Qarabağ Azərbaycanın ərazisidir. Bura Azərbaycan ərazisidir. Qarabağ ermənilərinin öz müqəddəratını kim tanıdı? Heç kim tanımadı. Bu gün bu geosiyasi şəraitdə bu ordu ilə, 3 milyonluq xalqımızla bu bölgədə müharibəyə başlaya və qalib gələ biləcəyimizi düşünən varmı? Həm bu gün Ermənistanın üzləşdiyi problemlər, həm də bizi təhdid edən qüvvə tamamilə müqayisəolunmazdır, xüsusən də müttəfiqlərimizin yalnız kağız üzərində müttəfiq olduğu ortaya çıxanda”, - o bildirib.

Xaçatryanın sözlərini “Sherg.az”a şərh edən  Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, hazırda olan vəziyyət əsasında deyə bilərik ki, Ermənistan hakimiyyəti istəməyərək də olsa, Azərbaycanın bütün şərtlərini qəbul etmək məcburiyyətində qalıb:
  
“Hazırda Ermənistanın nəinki Azərbaycanla heç bir ölkəylə  müharibə aparmaq imkanları olmadığı hər kəsə məlumdur. Eyni zamanda bu gün Ermənistanın Azərbaycana qarşı istənilən aqresivliyini onun işğalçı siyasətinin göstəricisi hesab olunacaq.  Əslində bu gün Ermənistan hakim komandasından  təkcə Armen Xaçatryan deyil, eyni zamanda digər bir çox siyasətçilərin və ictimai fəal şəxslərin dilindən səslənən müəyyən fikirlər var. Bu fikirlər zamanında Azərbaycan tərəfin Ermənistan barədə  səsləndirdikləri ilə eynilik təşkil edir”. 

Politoloq Ermənsitanın indiki  hakimiyyətinin  iqtidara yeni gəldiyi dövürdə Azərbaycanla münasibətləri  inkişaf etdirərək əlaqələri gücləndirmək  barədə düşündüklərini vurğulayıb:

 “Xatırlayırsınızsa, Nikol  Paşinyan hakimiyyətə gəlməzdən öncə özündən öncəki Koçaryan və Sarkisyan komandasından tamamilə fərqli siyasət nümayiş etdirirdi. Lakin sonradan biz gördük ki, Ermənistandakı bəzi qüvvələr, müəyyən güclər hakimiyyəti ələ aldıqdan sonra tamam fərqli ritorikadan çıxış etməyə başladılar. Bu ritorikada Azərbaycanla Ermənistanın yalnız münasibətlərinin pisləşməsinə deyil, eyni zamanda bölgədə savaş və gərginliyin meydana gəlməsinə səbəb oldu. Hazırda Ermənistan hakimiyyətindən Azərbaycanın gücü və Ermənistanın müharibə imkanlarının olmaması ilə bağlı səslənən fikirlər Azərbaycanın yaratdığı yeni reallıqların göstəricisidir. Əlbəttə buda Azərbaycanın qazandığı qələbələr fonunda xüsusi əhəmiyyət daşıyır”.