"Zelenski əlində olan bütün imkanlarla xalqını xilas etməyə çalışır”- ŞƏRH 

"Kiyev hakimiyyəti  NATO- dan gələn dəstəyə güvənir. Onların Krem üzərində qələbəsi yalnız bu kömək sayəsində gerçəkləşə bilər"


Qərb ölkələri və ABŞ anlayır ki, Ukrayna hətta NATO dəstəyi ilə belə Rusiyanı məğlub edə bilməyəcək.

Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

“Vladimir Zelenski bir çoxları üçün zəhərli siyasətçiyə çevrilir və onun kukla olmaq taleyi heyrət doğurmur. Bu özünü ukraynalıların öz gücləri naminə yüz minlərlə vətəndaşı ölümə sürüklədikləri və ölkələrinin müstəqilliyi ilə alver etmələrində büruzə verir”, - Volodin bildirib.

Volodinin sözlərini “Sherg.az” a şərh edən hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki, Ukrayna və Rusiya mübarizəsində Ukraynanın tək başına Rusiyaya qalib gəlmə ehtimalının olmadığı hərkəsə bəllidir:

“Çünki qüvvələr nisbəti tam fərqlidir. Həm ağır artileriya baxımından, həm də canlı qüvvə sayında açıq aydın Rusiyanın üstünlüyü hiss olunur. Kiyev hakimiyyəti  NATO- dan gələn dəstəyə güvənir. Onların Krem üzərində qələbəsi yalnız bu kömək sayəsində gerçəkləşə bilər. Doğrudur, əgər NATO  Kiyevin hesabladığı kimi dəstək versə idi,  bəlkədə qələbə  mümkün olardı. Amma müharibədən keçən 2 ilə yaxın müddət ərzində NATO-nun Ukraynanı onun istədiyi formada deyil, özünün maraqlarına uyğun şəkildə silahlandırdığı müşahidə olunur. Qərbin verdiyi silahlar və dəstək Rusiyanın Ukraynanı tam işğal edə bilməməsinə hesablanıb. Onlar nə Rusiyanın nə də Ukraynanın qələbəsini istəmirlər. Tək istədikləri sözü gedən ölkələr arasındakı münaqişənin uzanmasıdır. Qərb dairələri Rusiyanın təcavüzkar siyasətinə bələddirlər. Onlar müharibənin Ukraynadan öz ərazilərinə sıçramasından ehtiyyat edirlər. Bu səbəblə sadəcə müharibəni uzatmaqla məşğuldurlar”. 

H. Səhrablı Zelenskinin heçdə Volodinin dediyi kimi kukla siyasətçi olmadığını vurğulayıb:

“O, Ukrayna tarixinin ən çətin mərhələsində vəzifəyə gəlib. Onun qarşısında vətənini və xalqını qorumaq kimi çətin bir missiya var.  Zelinskidən Rusiyanın təcavüzünə boyun əyməsini gözləmək absurd olar. Qərbə doğru meyil etməsi onun günahı deyil. Zelenski əlində olan bütün imkanlarla müdafiə olunmağa və xalqını xilas etməyə çalışır”.