HƏMAS tipli strukturların mövcudluğu beynəlxalq sistemi də narahat edir
Fələstin-İsrail münaqişəsinin tam siyasi həlli Qəzza zolağının yeni müstəqil Fələstin dövlətinə daxil olmasını nəzərdə tutur.
“Report” WAFA-ya istinadən xəbər verir ki, bu barədə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas deyib.
“Qəzza zolağı Fələstin Dövlətinin ayrılmaz parçasıdır. Biz həm Qərb sahilində (İordan çayının Qərb sahilində - red.), həm Şərqi Yerusəlimdə, həm də Qəzza zolağında hərtərəfli siyasi həllin bir hissəsi kimi tam məsuliyyəti öz üzərimizə götürəcəyik”, – Abbas ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqlarda bildirib.
Məsələ ilə bağlı “Sherg.az”a açıqlama verən Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay söyləyib ki, HƏMAS-ın İran və Rusiya dəstəkli terror hücumu İslam dünyasının indiyə qədər çox emosional yanaşdığı Fələstin məsələsinə vahid prizmadan baxmağı zəruri edib:
“İran İslam dünyasına psixoloji təzyiqi artırmaq üçün hər fürsətdə Qüdsdə narazılıqlar yaradır. İsrail də qeyri-mütənasib terrorla üzləşərək İslam dünyasına psixoloji təzyiq əməliyyatını davam etdirir. Ümumiyyətlə Fələstini təmsil edəcək tək şəxs Mahmud Abbas olmalıdır. Digər tərəfdən Amerikanın, həm də Türkiyənin müdafiə etdiyi ikili dövlət məsələsi aydın şəkildə müzakirə edilməlidir. Çünki Fələstin parçalanmış bir idarədir. Bu da, dünya üçün məqbul bir vəziyyət deyil, Çünki HƏMAS və Mahmud Abbasın ayrı-ayrı bir dövlət olduğu təəssüratı yaranıb. Bu mənadə rəsmi dövlətin mövcudluğu və Mahmud Abbasın onu təmsil etməsi mütləq Həmas-ın faktiki hüquqi statusunu şübhə altına almalıdır. Çünki HƏMAS-ın İran tərəfindən iqtisadi dəstəklənməsi və sünni təşkilatı olaraq Tehranla əlaqə saxlaması İslam dünyası tərəfindən qəbuledilməzdir:
H.Oktay əlavə edib ki, HƏMAS tipli strukturların mövcudluğu beynəlxalq sistemi də narahat edir:
“Əgər Mahmud Abbasın rəhbərliyi altında dövlət yoxdursa, ikili dövlətdən söhbət gedə bilməz. Yəni İsrail gücündən qeyri-mütənasib istifadə edən mexanizm olduğu üçün HƏMAS-ın terrora əl atmaqla uğur qazanmaq şansı yoxdur. Ümumiyyətlə İslam dünyası qanuni mübarizə aparmağı öyrənməlidir. Həmçinin düşünürəm ki, Mahmud Abbasın ətrafında bir Fələstin dövləti bu böhranın ən faydalı nəticəsi olardı. HƏMAS ya öz varlığına son qoyaraq Mahmud Abbasa tabe olacaq, ya da özü ilə birlikdə 2 milyon 500 min qəzzalını fəlakətə aparacaq. Artıq İslam dünyası öz daxilində anlamalıdır ki, mübahisəli bir sahədə yaranan istənilən problemin həlli üsulları emosiyaya yox, beynəlxalq hüquqa əsaslanmalıdır. Yəni lazım gələrsə, İsraillə vahid dövlət müzakirəsi aparılmalıdır. Eyni zamanda Qəzzanın Fələstindən kənarda yenidən strukturlaşmasına icazə verilməməli və qeyri-müəyyən beynəlxalq güclərin İslam dünyasını problemli kimi göstərməsi üçün müdaxilə vasitəsi olmamalıdır”.
Qeyd edək ki, Mahmud Abbas Fələstin Dövlətinin birinci Prezidenti, həmçinin HƏMAS-ın rəqibi olan FƏTH partiyasının lideridir. Qəzzadakı opponentlərindən fərqli olaraq nisbi dünyəviliyi ilə seçilən Mahmud Abbas və hökuməti İordan çayının Qərb sahilinə, HƏMAS isə Qəzza zolağına nəzarət edir.