"Quru sərhədlərin bağlı olması  turizm sektoruna ziyan vurur"  - Natiq Cəfərli 

"İşğaldan azad edilmiş bölgələrinin turizmə cəlb olunması üçün ilk növbədə orada təhlükəsizlik tədbirləri təmin olunmalıdır"

26 ölkəni təmsil edən 50 səyyahın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə üçgünlük səfəri başa çatıb. 
“Azərbaycanın Qarabağ regionu yaxın gələcəkdə məşhur turizm istiqamətlərindən birinə çevriləcək”.

Bunu açıqlamasında Rumıniyadan olan səyyah Matey Rusu bildirib.

“Mən özüm turizm sektorunda işlədiyim üçün deyə bilərəm ki, bu regionda qışda xizək sürmək istəyən turistlərin sayı kifayət qədər olacaq”, - o vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərlə hər kəs Qarabağ bölgəsi və Ermənistanın 30 illik işğalı ilə bağlı həqiqətləri öyrənib.

Mövzu ilə bağlı “Sherg.az”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş bölgələrinin turizmə cəlb olunması üçün ilk növbədə orada təhlükəsizlik tədbirləri təmin olunmalıdır:

 “Daha sonra infrasturuktur layihələri yerinə yetirilməlidir. Bundan başqa turistlərin bura marağını artırmaq üçün cəlb edici hekayələr olmalıdır. Həmçinin Azərbaycan turizmi prioritet hesab edib, turizmi inkişaf etdirmək istəyirsə, əvvəlcə quru sərhədlər açılmalıdır. Quru sərhədlərin bağlı olması  turizm sektoruna ziyan vuran əsas amildir. Pandemiyadan öncəki rəqəmlərə baxdıqda bunu aydın şəkildə görmək mümkündür. Bütün bunlar həll olunarsa işğaldan azad olunmuş ərazilərlər birlikdə ölkənin turizm sektorunun yüksəlişə keçməsinin şahidi olacağıq”.