Stoltenberq: İsrailin özünü müdafiə etmək hüququ var, lakin mülki insanları da qorumaq lazımdır

NATO-nun baş katibi Yens Stoltenberq “İsrailin özünü müdafiə etmək hüququ var, lakin mülki insanları qorumaq da vacibdir” deyə bildirib.

Sherg.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq alyansın mənzil-qərargahında İordaniya Kralı II Abdullah ilə görüşüb.

NATO-nun bağlı qapılar arxasında keçirilən toplantıdan sonra verdiyi yazılı açıqlamaya görə, Abdullah Şimali Atlantika Şurasının toplantısına da qatılıb və çıxış edib.

Stoltenberq, "NATO Yaxın Şərqdəki vəziyyəti çox diqqətlə izləyir. Qəzza və ətrafdakı vəziyyətdən dərin narahatıq. İsrailin özünü müdafiə etmək hüququ var, lakin mülki insanları qorumaq da vacibdir. Mən bu istiqamətdə səyləri alqışlayıram" deyib. O, həmçinin bildirib ki, humanitar yardımın Qəzzaya çatması təmin edilməlidir.

Baş katib vurğulayıb ki, İran və Hizbullah vəziyyətdən istifadə etməməlidir.

İordaniyanın bölgədəki NATO-nun ən yaxın tərəfdaşlarından biri olduğunu bildirən Stoltenberq əlavə edib: 

"NATO, Yaxın Şərq və Şimali Afrikada sabitlik və təhlükəsizliyə töhfə vermək üçün Aralıq dənizi Dialoqu da daxil olmaqla, bölgədəki tərəfdaşlarımızı dəstəkləməyə tam sadiqdir” .