Azərbaycan Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməli, Müdafiə və Maliyyə Nazirlikləri bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər.
Həmçinin Prezidentin digər fərmanları ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları da orta hesabla 20 faiz artırılıb. Fərmanlar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Fərmanı “Sherg.az”a dəyərləndirən millət vəkili Vahid Əhmədov bildirib ki, hərbçilərin aylıq vəzifə maaşının artırılması Müzəffər Ali Baş Komandanın Silahlı Qüvvələrimizə, onun şəxsi heyətinə olan diqqət və qayğısından xəbər verir:
“Hər bir Azərbaycan vətəndaşı kimi Silahlı Qüvvələrin şəxsi heyətinin sosial durumunun, mənzil-məişət şəraitinin yaxşılaşması, onların maddi təminatının gücləndirilməsi hər zaman ölkə başçısının diqqət mərkəzində olub. Bu istiqamətdə dövlətimiz tərəfindən daim ardıcıl və sistemli addımlar atılıb. Dövlət başçısının bu gün imzaladığı fərmanlar da məlum siyasətin məntiqi davamıdır”.
Deputat qeyd edib ki, 8 Noyabr-Zəfər Günü ərəfəsində hərbçilərin aylıq vəzifə maaşının əhəmiyyətli dərəcədə artırılması Ali Baş Komandan tərəfindən onlara ünvanlanan bayram hədiyyəsidir:
“Mən buna görə Prezident İlham Əliyevə, öz minnətdarlığımı bildirirəm. Əminəm ki, Zəfər Gününə bir gün qalmış atılan bu addım hərbçilərimiz üçün mənəvi baxımdan da ciddi stimul olacaq, onları yeni uğurlara ruhlandıracaq”.