Tikinti sektoruna maraq artıb, çünki təbat var  

"Bazarda yaranan canlanma ilə birlikdə təhvil verilən binaların sayında artım yaranıb”

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumi sahəsi 1 milyon 397 min 930 kvadrat metr olan 11 946 ədəd yaşayış evi tikilib istifadəyə verilib.
 
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə tikilən evlərin sayı 23% artıb. Belə ki, 2022-ci ilin ilk 9 ayında ümumi sahəsi 1 milyon 337 min kvadrat metr olan 9717 ədəd yaşayış evi tikilib istifadəyə verilmişdi.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında tikilib istifadəyə verilmiş bina evlərinin sayı 3.3 dəfə artaraq 4633 ədəd təşkil edib.

Mövzu ilə bağlı “Sherg.az”a  danışan   “Əmlak” Ekspert Mərkəzinin sədri, daşınmaz əmlak məsələləri üzrə ekspert Ramin Osmanlı bildirib ki, tikilən evlərlə bağlı statistikanın  bu dərəcədə artması real görünmür:

 “23 faiz olduqca ciddi bir rəqəmdir. 2023-cü ilin ilk 9 ayı ilə 2022-ci ilin eyni dövrünün müqayisəsində belə böyük fərqin göstərilməsinin əsas səbəb 2022-ci il üçün qeydə alınan hesabatlarda şəffaflığın təmin olunmamasıdır.  COVİD-19 dönəmində tikinti sektorunda müəyyən durğunluq yaranmışdı. Amma  pendemiyadan sonrakı dövrdə sözü gedən sektorda canlanma yarandı.  Doğrudur, 23 faizlik bir göstərici olmasa da hər keçən il bir öncəki illə müqayisədə artım yaşanır. Bunun da başlıca səbəblərindən biri yaşayış mənzillərinə olan tələbatın artmasıdır. Bu fonda 2022-ci illə müqayisə 2023-cü ildə tiklilərin sayının artması normal haldır.  Həmçinin bu sektora olan marağın artması ilə birlikdə tikinti şirkətlərinin sayında artım da müşahidə edilir.  Binaların artmasının əsas səbəbi isə istismara qəbul edilən binaların çoxalmasıdır. 2022-ci ildə istismara qəbulla bağlı müraciətlər azlıq təşkil edirdi. Bazarda yaranan canlanma ilə birlikdə təhvil verilən binaların sayında artım yaranıb”.