Qərbin Cənubi Qafqaz siyasəti - PƏRDƏARXASI MƏQAMLAR

Hazırda danışıqlar masası üzərində sülh sazişi və onun ətrafında əməkdaşlığa ehtiyac var.

Bunu AB-nin Xarici Əlaqələr Xidmətinin yüksək rütbəli nümayəndəsi Azərbaycanla Ermənistan arasında mümkün sülh sazişi barədə danışarkən deyib.

"Mən Ermənistan baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasını yüksək qiymətləndirirəm. Azərbaycan prezidenti də Ermənistanın ərazi bütövlüyünü tanıyıb və AB buna böyük ümidlər bəsləyir. Çoxlu təhlükəli məsələlər var: "əsirlər", sərhədlər... Lakin biz hələ də masada olan və iki ölkə arasında qarşıdurma mövzusu sayılan məsələlərə yenidən baxmaq istəyirik”, - o qeyd edib.

Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Aytən Qurbanova bildirib ki, təəssüflər olsun ki, artıq Avropa Birliyinin sülh danışıqları ilə bağlı mövqeyi Brüssel formatı yarandığı ilk dövrdəki qərəzsizlik və neytrallıq xəttindən çox uzaqlaşıb:
"Ona görə də, belə bəyanatlar sadəcə “ədalətli” yanaşma görüntüsü yaradaraq Birliyin danışıqlar prosesindən kənar qalmaması üçün edilən məqsədli çıxışlardır. Xüsusilə də, AB-nin fərqli institusional orqanları çərçivəsində aparılan müzakirələrdə və ya Fransa, Almaniya, Belçika kimi aparıcı üzv dövlətlərin rəsmilərinin bəyanatlarında səsləndirilən əsassız və qərəzli anti-Azərbaycan çıxışları belə bəyanatlardakı səmimiyəti şübhə altında qoyan əsas məqamlardır". 
Politoloq digər tərəfdən, işğalçı Ermənistanın açıq şəkildə hərbiləşdirilməsinə göz yuman və dəstəkləyən Birliyin rəsmilərinin danışıqlar prosesi ilə bağlı “narahatlıqlarının” da heç bir halda regionda sülh və sabitliyin təmin olunmasına töhfə vermək məqsədi daşımadığını vurğulayıb:
"Nəticə etibarilə birləşmiş Qərbin Cənubi Qafqaz siyasətinin mərkəzində regiona nüfuz etmək və Ermənistanı himayə etməklə onu öz maraqlarının təminatı üçün alətə çevirmək məqsədi dayanır. Bu  istiqamətdə atılan hər bir addım da yaxın və uzaq perspektivdə regional təhlükəsizlik üçün ciddi hədələr formalaşdıra bilər".