"Əgər Brüsseldə yenidən Azərbaycana qarşı ittihamlar və təzyiqlər gündəmə gətiriləcəksə, bu görüşün heç bir effekti olmayacaq"
Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirlərinin Brüsseldə növbəti görüşü keçirilir.
Nazirlərin Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını, İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında münaqişəni müzakirə edəcəkləri gözlənilir.
Digər əsas mövzu Rusiya-Ukraynada müharibəsi və bununla bağlı bütün məsələlər, o cümlədən Kiyevə maliyyə və hərbi yardım və təhlükəsizlik təminatları olacaq.
Görüş ilə bağlı "Sherg.az"a danışan millət vəkili, AŞPA- da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov vurğulayıb ki, XiN başçılarının toplantısı Aİ-nin gündəliyində olan məsələdir:
"Həm Yaxın Şərqdə baş verənlər, həm də Azərbaycan-Ermənistan münasibətləri bundan öncə keçirilmiş iclasda müzakirə olunmalı idi. Ancaq qərara alındı ki, müzakirə növbəti iclasa qalsın. Çünki regionda gedən prosesləri öyrənmək və təhlil etmək üçün zaman lazımdır. Mən də məsələlərin araşdırılmasının tərəfdarıyam, amma obyektiv olarsa. Biz son zamanlarda görürük ki bəzi Avropa ölkələri xüsusilə də Fransa qeyri-obyektiv mövqe tutur. Hətta Fransa Ermənistanı silahlandıraraq sanki onu növbəti müharibəyə hazırlaşdırır. Bu mənada məsələnin müzakirəsi təşkil oluna bilər. Yəni bu sülh üçün görülən səylərdirsə, başa düşüləndir. Yox həmin müzakirə zamanı Fransanın XİN rəhbər açıq-aşkar Ermənistana silah verəcəyini deyəcəksə, hansı sülhdən danışmaq olar".
Parlamentarinin sözlərinə görə məsələyə dərindən baxmaq lazımdır:
"İlk öncə dəqiqləşdirmək lazımdır ki, bu danışıqlar sülh müqaviləsini Brüssel formatında bərpa etmək üçündürmü? Digər tərəfdən həmin sülh danışıqlarının təşkili üçün əsas lazımdır. Bu əsas isə müzakirə edən tərəf tərəfindən pozulur. Hər bir halda müzakirələrdən hansı nəticələrin çıxarılacağını gözləmək lazımdır. Əgər yenidən Azərbaycana qarşı ittihamlar və təzyiqlər gündəmə gətiriləcəksə, bu görüşün heç bir effekti olmayacaq".