Qərbdən gələn tapşırıq: Ermənistan KTMT-ni tərk edir?

Ermənistan Baş naziri Nikol Paşinyan KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək sammitinə getməyəcək.
Paşinyan bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı deyib.
“Paşinyan görüşdə iştirak edə bilməyəcəyini deyib və KTMT tərəfdaşlarının bu qərara anlayışla yanaşacağına ümid etdiyini bildirib”, - baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan qeyd edib.

Paşinyanın son zamanlar Rusiyanın başçılığ etdiyi görüşlərdə iştirakdan boyun qaçırması məsələsini “Sherg.az”a  şərh edən  Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki,  hazırda Fransa tərəfindən silahlanan və Avropa İttifaqının mülkü müşahidə missiyası adı altında Ermənistan ərazilərində Qərbin casus şəbəkələrinin fəaliyyətə başladığı bir dövrdə Nikol Paşinyan KTMT-ə  maraqlı olmadığını Qərbə göstərməyə çalışır: 
“Nikol Paşinyan və onun siyasi hakimiyyətində açıq şəkildə Rusiyaya etiraz edəcək cəsarət yoxdur. Həmçinin baş verən hadisələr  göstərir ki,  Ermənistan açıq şəkildə KTMT-ni tərk edəcək gücdə də deyil. Buna baxmayaraq onlar Qərbdən gələn tapşırıqlara görə sərhəd saxlamağa məcbur olurlar”.

Politoloq  İrəvan hakimiyyətinin sözü gedən təşkilatın lazımsız, işə yaramaz bir təşkilat olması ilə bağlı görüntü yaratmağa çalışdığını vurğulayıb:
“Faktiki olaraq bu gün baş verən hadisələrin arxasında güclü siyasi səbəblər dayanıb. İlk növbədə Qərb imperiyalizmi  Paşinyan vasitəsilə Ermənistan ərazilərində Rusiyaya qarşı cəbhə formalaşdırmağa çalışır. Digər tərəfdən Rusiyanın patranajlığı altında ortaya çıxan siyasi-hərbi təşkilatların uğursuzluğu və uyğunsuzluğu ilə bağlı mənzərə yaradılmağa səy göstərilir. Bundan əlavə Moskvanın rəhbərliyi altında bölgədəki ölkələrin hərhansısa, rifah əldə etməyəcəyi görüntüsü yayılır. Ermənistanın bu oyunun bir parçasına çevrilməsi isə ölkələr arasında siyasi ikitirəliyi daha da artır. Bundan sonra da Rusiya tərəfindən Paşinyan və komandasına qarşı güvənsizlik və nifrət artmaqda davam edəcək”.