Sahibə Qafarova deputatlara irad bildirib

“Siz nazirlikləri, dövlət qurumlarını qoçuluqda ittiham edirsiniz, danışanda fikirləşin!”


  Milli Məclisin sədri Sahibə Qafarova dünənki iclasda deputatlara irad bildirib. Spiker deyib ki, tənqiddən tənqidə fərq var: "Niyə Xankəndinin büdcəsi barədə nəsə deyilmədi? Sonra da deyirsiniz ki, xanım sədr müdaxilə edir. Müdaxilə etməyim bəs nə edim? Biri deyir insanlardan qaçırıq. Biz nə zaman camaatdan qaçırıq?! Bu VI çağırışda deputatlar xalqla bir yerdə olan vaxtı bundan əvvəl nə vaxt olub? Niyə məni bunu deməyə məcbur edirsiniz? Razi müəllim, sizə isə tövsiyə edirəm ki, çıxışlarınızın stilistikasına baxasınız. Qoçuluq... Siz nazirlikləri, dövlət qurumlarını nədə ittiham edirsiniz? Qoçuluqda? Danışanda fikirləşin!”, - deyə Sahibə Qafarova bildirib.
  Qeyd edək ki, Milli Məclisin dünən keçirilən iclasında deputat Tahir Kərimli deputatların və məmurların, nazirlərin xalqdan qaçdığını bildirib. Deputat Razi Nurullayev isə qeyd edib ki, bir sıra dövlət institutunda müavinlik institutu işləmir, bu da yolverilməzdir: “Vəzifəli şəxslər qurumun adındakı dövlət sözünü monitorinq və nəzarət kimi başa düşürlər. Dövlət qurumlarının hamısı, az qala, istintaq orqanı kimi fəaliyyət göstərir. Onlara imkan verilsə, nəzarətə nəzarət də yaradarlar. Bu cür süründürməçilik sistemi xalqı narazı salır. Dövlət Reklam Agentliyi qoçuluq edir”.