Trampın atəşkəs planının arxasında bir sıra strateji məqamlar dayanır - ŞƏRH

"Hörmüz boğazı üzərində savaş iqtisadi boğulma mərhələsinə keçir”

“İran geri çəkilməsə, hərbi toqquşma qaçılmaz ola bilər”

ABŞ, İran və İsrail arasında 40 gün ərzində şidddətli müstəvidə davam edən müharibə iki həftəlik atəşkəslə başa çatıb. Tərəflər arasında aprelin 11-12-də İslamabadda keçirilən danışıqlar müharibənin tamamilə bitdiyinə dair ümidləri artırsa da, gözləntilər suya düşdü. Nüvə proqramı və Hörmüz boğazı ətrafında yaranan fikir ayrılıqları diplomatik təmasların dalana dirənməsinə səbəb olub. ABŞ Prezidenti Donald Tramp Pakistan rəhbərliyinin xahişinə əsasən İranla atəşkəs rejimini uzadıb. Lakin uzadılan müddətin tərəfləri ortaq yolda birləşdirəcəyi sual altındadır. Hörmüz boğazının ABŞ tərəfindən blokadaya alınması isə prosesləri çıxılmaz vəziyyətə gətirib. Hazırda boğazda neft və qaz tankerlərinin hərəkəti iflic olub. Pakistan, tərəfləri yenidən danışıqlara dəvət etsə də, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi ABŞ-nin ziddiyyətli addımlarının onları danışıqlarda iştirakdan çəkindirdiyini açıqlayıb.

Mövzu ilə bağlı politoloq Zaur İbrahimli Sherg.az-a bildirib ki, Trampın atəşkəs müddətinin uzadılması ilə bağlı qərarının arxasında bir sıra strateji və diplomatik məqamlar dayanır:

“Onlar Hörmüz boğazını blokadada saxlamaqla, İranı güzəştlərə getməyə məcbur edirlər. İran üçün ən çətin sınaq da Hörmüz boğazıdır. Boğazı blokadada saxlamaq, ölkənin xarici ticarət damarlarının kəsilməsi anlamına gəlir. İranın neft və qaz ixracının böyük hissəsi Hörmüzdən keçir. Mütəxəssislər ölkənin təbii ehtiyatlarının təxminən iki həftəyə tükənəcəyini bildirirlər. Ölkənin hərbi imkanlarını tamamilə ələ alan SEPAH-ın, ehtiyatların tükənəcəyi dövrdə hücum ritorikasından əl çəkəcəyini demək çətindir. İran ABŞ ilə birgə Hörmüz boğazı üzərində ortaq nəzarət mexanizmlərini qəbul etmək istəmir. Əgər İran bunu qəbul etsəydi, ABŞ boğazda yeni nəzarət və idarəetmə mexanizminin tətbiqinə razılaşa bilərdi”. 

Politoloqun sözlərinə görə rəsmi Tehran Hörmüz boğazından keçən gəmilərdən təzminat alınmasını müharibənin yaratdığı üstünlüklərdən biri kimi qiymətləndirir:  

“Boğazın bağlanmasında ən çox əziyyət çəkənlərdən biri də Körfəz ölkələridir. Artıq onlar özlərinə dəyən ziyana görə Tramp administrasiyasına qarşı təzyiq kampaniyalarına başlayıblar. Atəşkəsin və blokadanın uzadılmasının əsas məqsədi Yaxın Şərq ölkələrinin iqtisadi və hərbi müdafiə strategiyalarını sınaqdan keçirməkdir. Əgər Körfəz ölkələri blokadanın İranı güzəştə getməyə məcbur edəcəyinə əmin olsalar, Trampın siyasi xəttini dəstəkləyəcəklər. Tehranın mövqeyindən geri çəkilməyəcəyini dərk edən Körfəz ölkələri son çarəni hərbi yolun seçilməsində görəcək. Artıq Tramp, ABŞ-ni dəstəkləyən Körfəz ölkələrinə maliyyə yardımı edəcəyini bildirir. Hazırki vəziyyətdə İranın yaşıl işıq yandırmadığına şahid oluruq”. 

Z.İbrahimlinin fikrincə, müharibənin tamamilə başa çatması üçün hər iki tərəfin sərt mövqelərindən geri çəkilərək, kompromisə getməsi zəruridir:

“ABŞ ordusu yerüstü əməliyyatları keçirməyə hazır deyil. İran tərəfi Hörmüz boğazı üzərində təkbaşına nəzarət prinsipindən əl çəkmək istəmir. Minlərlə danışıqlar olsa belə ABŞ zənginləşdirilmiş uran ehtiyatlarının İranda qalmasına yol verməyəcək. Bu məsələdə ortaq məxrəcə gəlməsələr, ABŞ-nin təşkil etdiyi hücumların mənasızlığı bütün dünyaya daha aydın görünəcək. Nüvə proqramı üzrə problemin havada qalması, ABŞ-nin əsas strateji məqsədlərindən birinə çatmadığını ortaya qoyacaq. Tərəflər əsasən raket pqroqramı üzrə müəyyən güzəştlərə gedə bilərlər. ABŞ və İran timsalında iki əsas amilə diqqət yetirmək lazımdır: Birincisi Çin və Pakistanın vasitəçilikdəki uğuru, ikincisi isə İranın blokada vəziyyətinə nə qədər davam gətirə biləcəyidir”.