Flora Qasımova: Xankəndində universitetin yaranmasına görə sevincliyəm


Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.
"Əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir.
Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuş, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmiş, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırmışdır.
İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmışdır", - Sərəncamda qeyd olunur.
Sərəncama əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs (bundan sonra – Universitet) yaradılacaq.
Nazirlər Kabineti iki ay müddətində Universitetin nizamnaməsini təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, Universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görməli, Universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll etməli, Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Mövzu ilə bağlı fikirlərini “Sherg.az” la bölüşən Xankəndinin sabiq millət vəkili Flora Qasımova bildirib ki, deputat seçildiyi zaman Xankəndinin heç bir strukturu yox idi: 
“Amma əvvəllər orada Pedaqoji Universitet, iki orta məktəb, tibb texnikomu və peşə məktəbi var idi. Xankəndində Pedaqoji Universitet 1969-cu ildə yaradılıb. Sonralar bu universitet Şuşaya oradan Ağcəbədiyə köçürüldü. Adı dəyişdirilərək Müəllimlər Universitetinin filialı kimi fəalliyyət göstərdi”. 

F.Qasımova Cənab Prezident İlham Əliyevin qərarını eşidəndən bu yana çox sevincli olduğunu vurğulayıb:
 “Çünki Xankəndi Pedaqoji Universitetdən insanlığa yaraşmayacaq şəkildə bizim  müəllimləri və tələbələri qovmuşdular. O müəllimlər  çox əziyyətlər çəkdilər. Bu səbəbdən orada fəalliyyət göstərmiş və hazırda həyatda olan müəllimlərin xoşbəxt günüdür. Xankəndi Universitetinin fəaliyyətə başlaması orada yaşayan azərbaycanlıların sayının artmasına çox böyük təsir göstərmişdir. Universiteti bitirən gənclər ailə qurub burada yaşamağa davam etdirirdilər. Dərs demək üçün qonşu rayonlardan müəllimlər köçürdülər. Çox istəyərəm ki, oranı bitirən savadlı məzunlarımızdan da ora müəllim olaraq qayıdanlar olsun. Cənab prezdentimizə ədaləti bərpa etdiyi üçün təşəkkürümü bildirirəm”.