ABŞ-nin təzyiqi: Aİ Rusiyaya sanksiya tədbiqi ilə öz topuğuna güllə atır?

Avropa İttifaqı (Aİ) üzv ölkələrə Rusiya və Belarusdan olan şirkətlərə qaz kəmərlərindən və mayeləşdirilmiş təbii qaz (LNG) terminallarından “mavi yanacaq” almağı qadağan etmək səlahiyyəti vermək istəyir.
Bu barədə "The Financial Times" qəzeti Brüsselin təklif etdiyi layihə mətninə istinadən yazır.
“Aİ üzv ölkələrə Rusiya və Belarusdan qaz idxalını dayandırmaq səlahiyyəti verməyə hazırlaşır. Brüsselin təklif etdiyi hüquqi mətn layihəsinə görə, üzv dövlət Rusiya və Belarusdan olan şirkətlərə qaz kəmərlərindən və LNG terminallarından “mavi yanacağ”ı almağı qadağan edə bilər”, - nəşr qeyd edib.
Qanun layihəsinə əsasən, Aİ-yə üzv dövlətlərə əsas təhlükəsizlik maraqlarını qorumaq üçün zəruri hallarda Rusiya və Belarusdan olan qaz operatorlarının infrastruktura çıxışını qismən və ya əsaslandırıldığı halda tamamilə məhdudlaşdırmağa icazə veriləcək.
Nəşr əlavə edir ki, son versiya hələ də parlament və üzv dövlətlər tərəfindən rəsmi şəkildə təsdiqlənməlidir.

Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ və Qərb, o cümlədən də, Avropa Birliyi artıq uzun müddətdir ki, Rusiya ilə açıq şəkildə mübarizə aparır. Üstəlik, Avropa Birliyinin Rusiyaya qarşı bu mübarizəsi son vaxtlar bumerang effekti ilə bu quruma üzv dövlətlərə də ciddi zərbələr vurmağa başlayıb:

"Qərb siyasi dairələri də açıq şəkildə etiraf edirlər ki, Rusiyaya qarşı sanksiyalar əslində, gözlənilən nəticədən uzaqdır. Buna baxmayaraq, Avropa Birliyi Rusiya əleyhinə müxtəlif sanksiya paketləri hazırlamaqda davam edir. Bəzi Avropa Birliyi ölkələri isə son vaxtlar buna müxtəlif vasitələrlə etiraz edirlər. Şərqi Avropa ölkələri Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarından qətiyyən məmnun deyillər. Xüsusilə də, Macarıstan Avropa Birliyini bu məsələ ilə bağlı sərt şəkildə tənqid edir. Hətta Macarıstan Avropa Birliyinin Rusiyaya qarşı bəzi sanksiyaları yerinə yetirməkdən imtina edir və Ukraynaya dəstək paketlərini bloklamağa çalışır. Hətta Macarıstanın narazılığını aradan qaldırmaq üçün Avropa Birliyi bu ölkəyə 10 milyard avroya yaxın bir məbləğdə maliyyə ayrılması barədə qərar da verib. Bu, onu göstərir ki, Avropa ölkələri Ukrayna savaşından yorulublar və Rusiyaya qarşı sanksiyalardan zərər çəkmək istəmirlər".



Analitik Rusiyaya qarşı sanksiyaların Avropa Birliyi ölkələrinə zərbə vursa da,  ABŞ-nin maraqlarına tamamilə cavab verdiyini vurğulayıb:
"Çünki bu sanksiyalar ABŞ iqtisadiyyatına nəhəng maliyyə qaynağı açmağa başlayıb. Nəticədə Ağ Ev onilliklər boyu ABŞ-la rəqabət aparan Avropa Birliyini tədricən özündən asılı vəziyyətə salmağa nail olub.
İndi Avropa Birliyinin Rusiyadan təbii qaz idxalının tamamilə dayandırılması barədə qərar da əslində, ABŞ-ın maraqlarına tam şəkildə cavab verir. Çünki ABŞ son vaxtlar enerji resursları istehsalını ciddi şəkildə artırıb. Xüsusilə də, ABŞ Avropa məkanına sıxılmış maye qaz satmağa başlayıb. Rusiyadan daha baha qiymətə satılan bu təbii qaz ABŞ iqtisadiyyatını gücləndirir. Bu baxımdan, hesab etmək olar ki, Avropa Birliyinin son qərarı məhz ABŞ-ın təzyiqləri ilə də qəbul edilmiş ola bilər. Böyük ehtimalla Ağ Ev Avropa bazarını Rusiya təbii qazından tamamilə təmizləmək, rəqibi sıradan çıxartmaq niyyətinə düşüb. Və bu baxımdan, Avropa Birliyi ABŞ-ın xeyrinə, özünün isə əleyhinə olan bir qərar qəbul etmiş kimi görünür".