Bayramov Mordue görüşü-Pərdəarxası

Ceyhun Bayramov Aİ rəsmisi ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə Avropa İtifaqının Şərq Tərəfdaşlığı proqramı çəçivəsində Aİ Şurası prezidentinin xarici siyasət üzrə baş müşaviri Simon Mordue ilə görüşüb.
 Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Bildirilib ki, qarşılıqlı əməkdaşlığı, həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər.

Görüşü “Sherg.az”a şərh edən  politoloq Aytən Qurbanova bildirib ki, Avropa İttifaqı ilə əməkdaşlıq hər zaman Azərbaycan Respublikasının xarici siyasət konsepsiyasında mühüm istiqamətlərdən biri olaraq dəyərləndirilir:
“Eləcə də, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində önəmli və etibarlı tərəfdaş olması faktı artıq hərkəsə məlumdur. Ona görə də, qarşılıqlı əlaqələr nisbətində rəsmi Brüsselin sülh danışıqlarında vasitəçilik missiyasını icra etməsi ilkin mərhələdə bizim üçün arzuolunan və dəsrəklənən seçimlərdən biri idi. Amma çox təəssüflər olsun ki, həm Avropa İttifaqının bəzi institusional orqanlarının, həm də bir sıra  üzvlərinin qərəzli mövqeyi və əsassız çıxışları Azərbaycanı bu seçimdən uzaqlaşdıran amil oldu”. 

Politoloq sözügedən görüşün həm qarşılıqlı əməkdaşlıq perspektivinin, həm də Ermənistan ilə davam sülh danışıqlarının müzakirə edilməsi zədələnmiş etimadın bərpası üçün zəmin ola biləcəyini vurğulayıb:
“Digər tərəfdən isə Avropa İttifaqının son zamanlarda Ermənistan vasitəsilə regiona nüfuz etmək cəhdlərinin artması faktını nəzərə aldıqda, onun danışıqlar prosesində erməni tərəfinə təsir imkanları istisna edilmir. Ona görə də, belə görüşlər çərçivəsində aparılan müzakirələr ümumilikdə sülh prosesinə də təsir imkanlarını özündə ehtiva edir”.