2024 tarixə qızıl hərflərlə yazılacaq! - Millət vəkili

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində deyib ki, bu gün Qərbdə ikili standartlar hökm sürür. Dövlət başçısı qeyd edib ki, Azərbaycan xalqı bunu yaxşı bilir: "Eyni zamanda, yaxşı bilir ki, biz bütün təzyiqlərə, bütün hədə-qorxulara, əsassız ittihamlara baxmayaraq, bildiyimizi edəcəyik. Necə ki, etmişik, bundan sonra da edəcəyik. Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin”. Prezident xalqa müraciətində yeni müjdələr də verdi. Dövlət başçısı vurğuladı ki, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar: "Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar". Ölkə başçısı vurğulayıb ki, bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq.

Millət vəkili Azər Badamov "Sherg.az" a deyib ki, Prezident İlham Əliyev Yeni İllə bağlı xalqa müraciətində Qarabağ torpaqlarının işğaldan azad olunmasının nə qədər vacib olduğunu bir daha vurğulayaraq bildirdi ki, Xankəndi və digər ərazilərimiz azad olunmasaydı, işimiz yarımçıq qalacaqdı.

Deputat vurğulayıb ki, ölkə başçımız Azərbaycan əsgərinin qəhrəmanlığı, mətinliyini, öz torpağa bağlılığnı və Ali Baş Komandanın əmrini yüksək səviyyədə yerinə yetirdiyini qeyd etməklə düşmənlərimizə bir daha mesaj verdi:

"2023-cü ilin ən yadda qalan hadisəsi də 23 saat ərzində keçirdiyimiz lokal xarakterli antiterror tədbirləri ilə bayrağımızı Xankəndinə dalğalandırmağımız oldu. Dövlət başçımız 2024-cü ildə bizim məqsədlərimizə toxunaraq Böyük Qayıdışa dair Dövlət Proqramının uğurla davam etdirəcəyini, Xankəndinə, Xocalıya, Malıbəyliyə, Turşusuya, Kərkicahana və digər yaşayış məntəqələrə keçmiş məcburi köçkünlərin qayıdacağı ilə bağlı xoş müjdəli xəbəri xalqımıza çatdırdı. O cümlədən bəyan etdi ki, 2024-cü ildə Azərbaycanın COP 29 beynəlxalq konfransına ev sahibliyi etməklə dünyanın mərkəzinə çevriləcək. 2024-cü il ölkə başçımızın rəhbərliyi altında xalqımızın və dövlətimizin həyatında uğurlu bir olaraq qızıl hərflərlə tariximizə yazılacaq".