"Şöhrət" ordeni alan deputatdan REAKSİYA

Milli Məclisin deputatı Sahib Alıyev Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə, “Şöhrət” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Millət vəkili Sahib Alıyev deyib ki, "Heydər Əliyev İli"ində Prezidentin onu "Şöhrət" ordeni ilə təltifini özü üçün ikiqat şərəf sayır:

Deputat bildirib ki, bu təltif onu sevindirməklə, üzərinə böyük məsuliyyət qoymaqla yanaşı, həm də utandırır:

"Ona görə utandırır ki, böyük güclərin istəməmələri bir yana, açıq şəkildə qarşı çıxmalarına rəğmən, tarixin əleyhimizə isləyən neçə yüz illik gərdişini dəyişməyi bacarmış Sərkərdəmiz, Müzəffər Ali Baş Komandanımız nə varsa, hamısına bütövlükdə haqq etsə də, heç bir orden və adı özünə rəva bilmədiyi halda mənim kimilərin fəaliyyətini belə yüksək dəyərləndirir. Ancaq orası da var ki, cənab İlham Əliyev 44 günlük savaş zamanı və ondan sonra atdığı addımlarla, özəlliklə də 2023-cü ildə ərazi bütövlüyümüzün, torpaqlarımız üzərində dövlət suverenliyimizin tam təmini ilə əslində hər bir azərbaycanlıya, qəhrəman adlandırdığı, deputatları olduğum Tərtər camaatına qürur və fərəh hissi ilə birgə şöhrət bəxş edib. Bütün hallarda cənab Prezidentimizə buradan dərin təşəkkürümü bildirir, onu və özünün nəcib əməlləri ilə xalqımızın sevgisini qazanmış hörmətli Mehriban xanım Əliyevanı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni illə bağlı səmimi qəlbdən təbrik edirəm! Qoy uğur həmişə onlarla olsun! Onların uğuru isə bütün məmləkətin uğuru deməkdir ki, son gününü yola salmaqda olduğumuz 2023-cü ildə baş verənlər elə bunun təsdiqidir. Ümumiyyətlə, bu il Azərbaycan üçün çox uğurlu keçdi ki, o da tam təbiidir. Ulu Öndərin adı verilən il elə belə də olmalıydı. Axı o özü də bir şəxsiyyət kimi bu millətin uğur və qürur rəmzi idi. Tanrı Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu dövlətimizi və dövlət başçımızı qorusun!"