İranda terror aktı törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb

İranın Kirman şəhərində terror aktı ilə balı şübhəli bilinən şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə İran Daxili İşlər Nazirliyi bildirib.

Məlumata əsasən, bu cinayətlə bağlı mühüm dəlillər aşkarlanıb və bir neçə nəfər saxlanılıb. Bildirilib ki, şübhəli bilinən şəxslər haqqında ətraflı məlumat veriləcək.

Daxili İşlər Nazirliyi qeyd edib ki, terror aktı nəticəsində 89 nəfər həlak olub, onlardan 12-si Əfqanıstan vətəndaşı olub.

Qeyd edək ki, yanvarın 3-də İranın cənub-şərqindəki Kirman əyalətində iranlı general Qasim Süleymaninin ölümünün ildönümü ilə əlaqədar keçirilən yürüş zamanı iki partlayış baş verib. Partlayışlar nəticəsində 84 nəfər həlak olub.

Xatırladaq ki, iranlı general Qasim Süleymani 2020-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin İraqda həyata keçirdiyi hava hücumunda öldürülüb.