ABŞ dövlət katibi  Türkiyədə: Ciddi müzakirələr gözlənilir

 Türkiyə ABŞ-dan önəmli qonağı qəbul edir. 
Sherg.az xəbər verir ki , ABŞ dövlət katibi Antoni Blinken danışıqlar aparmaq üçün İstanbula gəlib.

Blinkeni və onu müşayiət edən heyəti İstanbula gətirən təyyarə Türkiyə vaxtı ilə saat 19.10-da İstanbul hava limanına enib.

Blinkeni hava limanında səfir Yaprak Balkan, Xarici İşlər Nazirliyinin ikitərəfli siyasi məsələlər üzrə baş direktoru, ABŞ-ın Ankaradakı səfiri Cefri Fleyk, ABŞ-ın İstanbuldakı baş konsulu Julie Eadeh, İstanbul Hava Limanı Mülki Administrasiyasının rəisi İlker Haktankaçmaz və digər rəsmi şəxslər qarşılayıblar.

Xarici işlər naziri Fidan ilə amerikalı həmkarı arasında sabah İstanbulda keçiriləcək danışıqlarda İsrailin Qəzzaya hücumları, regional məsələlər və ikitərəfli münasibətlər, İsveçin NATO üzvlüyünün təsdiqlənməsi prosesinin müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, ABŞ dövlət katibi Qəzzadakı hadisələri müzakirə etmək üçün Türkiyə və Yunanıstan da daxil olmaqla Yaxın Şərq ölkəri səfərinə başlayıb.