ABŞ-ın keçmiş prezidentlərinin saç telləri Aya göndərilir

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) ilk insanlı Ay səyahəti olan Apollon missiyasından 54 il sonra, ölkədəki 2 özəl şirkətin ilk Aya eniş cəhdi edəcəyi açıqlanıb.

"Sherg.az" xəbər verir ki, Pensilvaniya ştatında yerləşən “Astrobotic Technology” şirkətinin istehsal etdiyi "Peregrine" adlı kosmik gəmi , United Launch Alliance-ın "Vulcan" adlı yeni raketi ilə bazar ertəsi Aya eniş etməyi planlaşdırır. Uğurlu olarsa Aya eniş edən ilk özəl şirkət olacaq Astrobotic Technology kosmik gəmisinin  NASA -nın faydalı yüklərini və bəzi araşdırma paketlərini daşıdığı bildirilib.
Bundan əlavə, sözügedən kosmik gəmi  aralarında “Ulduz yolu” film seriyasının yaradıcısı Cin Roddenberri və fantastika yazıçısı Artur C. Klarkın da olduğu 70 insanın küllərini,  ABŞ-nin  keçmiş prezidentləri Corc Vaşinqton, Duayt D. Eyzenhauer və  Con F. Kennedinin saç tellərini də daşıyacağı bildirilir. Texasda yerləşən Intuitive Machines şirkəti fevralın ortalarında SpaceX-in raketi ilə Aya eniş etmək üçün "Nova-C" adlı kosmik gəmini buraxmağı planlaşdırır.