Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH

  • “Zelenskinin bir sözü Ukraynaya baha başa gələ bilər”
  • Abutalıb Səmədov: “Tramp ədalətin yox, Rusiyanın yanındadır”

ABŞ Prezidenti Donald Trampın son addımları və bəyanatları Vaşinqtonun Rusiya-Ukrayna müharibəsinə yanaşması ətrafında ciddi müzakirələrə səbəb olub. Rusiyaya qarşı sanksiyaların yumşaldılması, Ukraynaya kəşfiyyat məlumatlarının verilməsinin dayandırılması ilə bağlı təhdidlər və Kiyevin danışıqlar prosesində ittiham olunması ABŞ-nin müharibədəki mövqeyi ilə bağlı suallar yaradıb.

Cons Hopkins Universitetinin eksperti Enn Eplbaum hesab edir ki, Trampın bu siyasəti Rusiyanın mövqelərini gücləndirə və Ukraynanın vəziyyətini daha da ağırlaşdıra bilər. O, Vaşinqtonun Ukraynaya təzyiqləri artırdığı halda Moskvanın hücumlarına lazımi reaksiya verməməsini də tənqid edib.

Politoloq Abutalıb Səmədov Sherg.az-a deyib ki, Trampın son bəyanatları və addımları Rusiya-Ukrayna müharibəsində dönüş nöqtəsi ola bilər:

“Bir tərəfdən, Rusiyaya dizel satmağa icazə verilib və Rusiya bundan təqribən 8–9 milyard dollar gəlir götürə bilər. Bu vəsait, şübhəsiz ki, hərbi-sənaye kompleksində yeni raketlərin, yeni ballistik, daha doğrusu, reaktiv silahların istehsalına yönələcək. Təbii ki, bu da Ukraynada əlavə dağıntılara və insan tələfatına gətirib çıxaracaq. Trampın davranışı Rusiyanı bir tərəfdən qızışdırıb, digər tərəfdən isə ona barışmaz mövqe tutmaq imkanı yaradıb. Bunun qarşılığında Zelenskinin Trampı zəif adlandırması, şübhəsiz ki, böyük səhvdir və bunun da Ukrayna üçün ağır nəticələri ola bilər. Çünki Tramp çox kinli adamdır və onun ən çox qəbul etmədiyi söz də “zəif” sözüdür. Prezident Tramp daim özünü güclü göstərməyə çalışır. Əslində, Zelenski belə bir bəyanat verməməli idi”.

Analitik qeyd edib ki, Trampın Ukraynada prezident seçkiləri ilə bağlı dedikləri, əslində, eyham deyil:

“O, açıq şəkildə tələb edir ki, Ukraynada prezident seçkiləri keçirilsin. Bundan əvvəl Zelenski qısa müddətdə seçkilərin keçirilməsinə etiraz edirdi. Bunun qeyri-mümkün olduğunu deyirdi. Hərbi əməliyyatlar dayandırılmalıdır, ən azı 5–6 ay vaxt verilməlidir və yalnız bu şəraitdə seçkilər keçirilə bilər. Ancaq indi iki ay ərzində atəşkəs olarsa, seçkilər keçirməyə hazır olduğunu bildirib. Əgər belə bir hadisə baş verərsə, Zelenskinin seçkilərdə qalib gəlmək şansı son dərəcə aşağıdır. Digər tərəfdən, Rusiya iki aylıq atəşkəs təklifinə cavab olaraq cəmi bir günlük, seçki günü atəşkəs elan edə biləcəyini söyləyib. Yəni, əvvəllər belə təkliflər irəli sürüləndə Rusiya bildirirdi ki, atəşkəs müddətində Avropa və ABŞ Ukraynaya silah verməsin. Bu halda atəşkəsə razı olduğunu deyirdi. İndi isə heç bir şərt irəli sürmədən bu təklifi qəbul etmədiklərini deyir və yalnız seçki günü atəşkəsə əməl edəcəklərini bildirirlər. Nümunə kimi də özlərini göstərirlər: Rusiya müharibə apara-apara seçki keçirib və onun necə seçki keçirdiyi də hamıya məlumdur. Son hadisələr Rusiyanı daha da azğınlaşdıracaq və artıq bunun əlamətləri hiss olunur. Rusiya daha barışmaz mövqe tutmaqda davam edəcək. Digər tərəfdən, göründüyü kimi, enerji infrastrukturuna zərbə vurmamaq öhdəliyini də götürmür. Deyir ki, yalnız neftayırma zavodlarına zərbə vurulmasın. Rusiyada xeyli neftayırma zavodu var. Ukraynada isə cəmi bir neftayırma zavodu var ki, o da yarı gücü ilə işləyir”.

Ekspert vurğulayıb ki, son günlər Rusiya əvvəlki günlərlə müqayisədə daha sürətlə irəliləyir:

“Trampın bəyanatı onları xeyli ruhlandırıb. Ukrayna üçün əlavə problemlər yarana bilər. Yanlış bəyanat son nəticədə ABŞ-nin Ukraynaya göstərdiyi köməyi tamamilə dayandırmasına gətirib çıxara bilər. Yəni, bundan sonra kəşfiyyat məlumatları verilməz və Starlink də söndürülər. Bu şəraitdə Ukraynanın Rusiya qarşısında uzun müddət dayanması mümkünsüz olacaq. Bu cür bir dövlət Ukraynanın qarşısında dayanıb və çox təəssüf ki, Tramp ədalətin yox, Rusiyanın yanındadır. Bu da, təbii ki, Ukraynanın vəziyyətini bir az da ağırlaşdırıb və yaxın günlərdə yeni torpaqların itirilməsi ehtimalını artırıb”.