Əlbəttə, bələdiyyə sədrlərini birbaşa xalq seçməlidir  - Məhərrəm Zülfüqarlı 

Bu zaman sədrlərin üzərinə daha böyük məsuliyyət düşər və xalqa xidmət edərlər

“Bələdiyyə sədrləri birbaşa xalq tərəfindən seçilməlidir”. Bunu Milli Məclisin yaz sessiyası üzrə keçirilən ilk iclasında deputat Siyavuş Novruzov deyib. O, bələdiyyə seçkilərində bir sıra dəyişikliklərin edilməli olduğunu bildirib: “Bildiyimiz kimi, bələdiyyə seçkilərinin keçirilməsi gözlənilir. Düşünürəm ki, bələdiyyə sədrləri də xalq tərəfindən seçilməlidir. Həmçinin demək olar ki, prezidentliyə namizədlə bələdiyyə sədrliyinə namizəd eyni sənədləri tələb olunur. Onlara nümayəndə təyin edilməlidir. Sənədlərin yığılması çətindir. Seçki Məcəlləsində bu barədə bəzi məsələlər sadələşdirilməlidir. İlk növbədə say azaldılmalıdır. Türkiyə kimi ölkədə təxminən 800 bələdiyyə fəaliyyət göstrərir, əhalisi daha az olan bizdə isə 1600 bələdiyyə var. Burada sadələşdirilmiş mexanizm lazımdır”.


Təklifi dəyərləndirən  AVCİYA-nın Seçki Qərargahının rəhbəri  Məhərrəm Zülfüqarlı "Sherg.az"a açıqlamasında deyib ki, bələdiyyə seçkiləri ilə bağlı kifayyət qədər beynəlxalq təcrübələr mövcuddur:

“Bir vaxtlar Amerika Respublikaçılar İnstutunun seçki kompaniyası  akademiyası Azərbaycanda fəaliyyət göstərirdi. Millət vəkili Siyavuş Novruzov, Qüdrət Həsənquluyev bu akademiyanı bitirərək sertifikat alıblar. Yəni, onlar beynəlxalq təcrübəni yaxşı bilirlər. Bələdiyyə yerli  özünüidarəetmə olduğuna görə, bələdiyyə seçkilərində sədrlər deputatlar tərəfindən deyil, birbaşa xalq tərəfindən seçilməlidir. Bu zaman sədrlərin üzərinə daha böyük məsuliyyət düşər və xalqa xidmət edərlər. Bu demokratik yanaşma tərzi kimi qiymətləndirilir. Beynəlxalq təcrübədə müsbət yeniliklər var.  Azərbaycanda 2000-ci ilə qədər 25 nəfəri partiyalar seçir və sədr, müavinlər başda olurdu. Siyahı təqdim edilirdi. Onlar da arxayınlaşırdılar  ki, partiya səsverməsində birinci yerdə sədrdi və o da seçiləcək".  

Ekspert vurğulayıb ki,  Polşada isə seçici həm partiyaya, həm də siyahıdaki namizədə səs vermə hüququ var :                                                           

“Bu da partiyanın siyahısında yerlərin dəyişməsinə səbəb olur. Məsələn, birinci yerdəki şəxs 25- ci yerə düşə bilir. Bu təklifin reallaşdırılmasını məqsədəuyğun hesab etmək olar. Demokratik ölkələrdə də  şəhər merləri xalq tərəfindən birbaşa seçilir. Düşünürəm ki,  gələcəkdə bu təcrübədən bizdə istifadə etməliyik".