Ekologiya və ətraf mühitin mühafizəsi
Suyun səviyyəsi kəskin düşür, dənizin xilası üçün regional plan hazırlanmalıdır
“Volqa, Kür və Uralın su ehtiyatları birgə araşdırılmalıdır”
Dünyamızın qlobal ekoloji təhlükələrlə üz-üzə qaldığı bir vaxtda Türkmənistanda keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə ekoloji tarazlığın qorunmasına dair müzakirələrin aparılması bu problemin miqyasının necə böyük olduğunu göstərir. Qeyd edək ki, Türkmənistanın Türkmənbaşı şəhərində - Avaza milli turizm zonasında 8-9 oktyabr 2026-cı il tarixlərində 3 mühüm tədbir Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü, MDB Dövlət Başçıları Şurasının iclası ilə yanaşı Xəzər Ekoloji Sammiti də keçirilir.
Xəzər Ekoloji Sammiti, Xəzəryanı ölkələrin ekoloji təhdidlərə qarşı regional güclərini birləşdirmək məqsədi daşıyır. Sammitin əsas müzakirə mövzusu Xəzər dənizinin qarşılaşdığı kəskin ekoloji problemlərdir. Sammitdə Xəzəryanı ölkələrin - Azərbaycan, Türkmənistan, Rusiya, Qazaxıstan və İranın dövlət başçıları iştirak edir. Görüşün yekununda regionda birgə ekoloji fəaliyyət xətlərini təyin edən və dənizin xilasına yönəlmiş xüsusi bir Deklarasiyanın qəbulu nəzərdə tutulub.
Ekoloq Ənvər Əliyev "Şərq"ə açıqlamasında bildirdi ki, Xəzər dənizinin problemləri bir deyil, iki deyil, çoxdur. Xəzərin sağlamlaşdırılması ümumən region, Xəzəryanı dövlətlərin ekoloji təhlükəsizliyini təmin edəcək əsas amildir: 
- Müzakirə olunan mövzulardan biri Xəzərin sürətlə dayazlaşması, suyun çəkilməsidir. Məlumatlara görə, hazırda Xəzərdə suyun səviyyəsi son 48 ilin ən minimum həddinə enib. Son 10 ildə səviyyə təxminən 1.5 metr aşağı düşüb və illik azalma tempi 20-30 santimetr təşkil edir. Bu vəziyyət sahilyanı ekosistemi daraldır, limanların işini çətinləşdirir və iqtisadiyyata ciddi ziyan vurur. Çaylardan gələn çirklənmə də var. Xəzərə hər il təxminən 40-45 kubkilometr çirkab su axıdılır. Bu çirklənmənin 60 faizdən çoxu Volqa çayının, müəyyən hissəsi isə Kür və Ural çaylarının payına düşür. Kür çayı vasitəsilə dənizə həm də Ermənistan və Gürcüstan ərazisində formalaşan təmizlənməmiş sənaye-kommunal tullantıları daxil olur. İnsan və sənaye amili də əsasdır. Sahil şəhərlərindən, Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt və s. axıdılan məişət çirkab suları, dənizdə neft-qaz hasilatı və gəmiçilik fəaliyyəti zamanı ekoloji normaların pozulması dənizi ağır metallar və neft məhsulları ilə yükləyir. Suyun çirklənməsi bioresursların tükənməsinə səbəb olur. Suyun çəkilməsi və çirklənmə nəticəsində Xəzər suitilərinin, həmçinin dünyada məşhur olan nərə balığı ehtiyatlarının azalması baş verir. Nəzərə alaq ki, dünya ehtiyatının 95 faizi Xəzərdədir. Amma hazırda bu ehtiyatlar kəskin azalma və məhvolma təhlükəsi ilə üz-üzədir. 
Ekoloq qeyd etdi ki, Azərbaycan, Xəzər dənizinin səviyyəsinin kəskin şəkildə enməsi və artan çirklənmə fonunda regional səviyyədə fəal və əlaqələndirilmiş siyasət yürüdür. Rəsmi Bakı Avazadakı görüşlərdə və digər beynəlxalq platformalarda Xəzərin xilası ilə bağlı bir neçə strateji və konkret təklif irəli sürüb:
- Məsələn, Vahid Regional Fəaliyyət Planının Hazırlanmasıdır. Məlumdur ki, dənizin dayazlaşması problemini tək bir ölkənin gücü ilə həll etmək mümkün deyil. Burada bütün Xəzəryanı dövlətlərin əməli şəkildə iştirakı vacibdir. Və Xəzərin xilası naminə əlaqələndirilmiş fəaliyyət planı olmalıdır. Bu, ekoloji böhranlara qarşı operativ regional cavab mexanizmlərinin yaradılmasına və mexanizmlərin həyata keçirilməsinə səbəb olardı.
Ekoloq bildirdi ki, çay hövzələrində su idarəçiliyinin araşdırılması da vacibdir. Dənizə gələn suyun həcminin kəskin azalmasını nəzərə alaraq, Azərbaycan Xəzəri qidalandıran əsas çayların, başda Volqa, Kür və Ural olmaqla hövzələrində su təsərrüfatı planlarının birgə araşdırılmasını təklif edir. Ölkələr arasında su ehtiyatlarından istifadə sahəsində şəffaflığın təmin edilməsi əsas şərt kimi irəli sürülür. Bundan başqa ortaq elmi məlumat bazasının yaradılması lazımdır. İqlim dəyişikliyinin dəniz səviyyəsinə təsirlərini düzgün proqnozlaşdırmaq üçün Xəzəryanı ölkələrin elmi məlumatları, hidrometeoroloji və ekoloji monitorinq nəticələrini aktiv şəkildə bölüşməsi təklif olunur. Bu çərçivədə həm də dənizin su bioresurslarının idarə olunması üzrə ortaq məlumat bazasının yaradılması təşəbbüsü dəstəklənir. Azərbaycan Xəzər hövzəsində ənənəvi karbohidrogen hasilatından ekoloji təzyiqləri azaltmaq üçün Xəzərin böyük külək enerjisi potensialından istifadə edilməsini təklif edir. Mərkəzi Asiya ölkələri ilə birlikdə Xəzərin dibi ilə "yaşıl enerji" dəhlizlərinin qurulması əsas hədəflərdən biridir. Azərbaycan Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası - Tehran Konvensiyası mexanizmlərinin canlandırılmasını və neft sızmaları, çirklənmə hallarında ölkələrin birgə hüquqi məsuliyyət daşımasını tələb edir.
Ə.Əliyev qeyd etdi ki, regional əməkdaşlıq öz yerində, amma Azərbaycan hökuməti özü də bəzi addımları atır:
- Azərbaycan regional təkliflərlə yanaşı, öz sahillərində təmizləmə əməliyyatlarını da sürətləndirib. Nazirlər Kabinetinin xüsusi qərarı ilə Bakı buxtası və ətraf ərazilərdə dəniz dibindəki köhnə metal qalıqları, yararsız və batmış gəmilər, istismar müddəti bitmiş neft estakadaları tamamilə təmizlənir və izolyasiya edilir. Xatırladım ki, Xəzər dənizinin ekoloji böhranı ilə mübarizə aparmaq üçün Dünya Bankı və Qlobal Ekologiya Fondu tərəfindən region ölkələrinə ayrılan ən son və ən böyük regional qrant maliyyələşməsinin ümumi məbləği 11,74 milyon ABŞ dolları təşkil edir. Məqsəd Xəzər dənizinin maviləşdirilməsi, yəni təmizlənməsi, çirklənmənin idarə olunması və biomüxtəlifliyin qorunması üzrə potensialın gücləndirilməsidir. Bu məqsədlə iri regional layihə nəzərdə tutulur, bu da regional əməkdaşlığı artırmaq məqsədi daşıyır. Xəzər dənizinin suyunun duzsuzlaşdırılması da vacib məsələdir. Türkmənistanda keçirilən Xəzər Ətraf Mühit Sammitində birbaşa bu məsələ əsas müzakirə mövzusu olmasa da, region üçün ən kəskin ekoloji problem olan Xəzər dənizinin sürətlə dayazlaşması və su səviyyəsinin kəskin şəkildə aşağı düşməsinin geniş müzakirəyə çıxarılmasından gözləntilər böyükdür. Xəzər suyunun duzsuzlaşdırılması layihələri daha çox daxili məsələmizdir. Məsələn, Azərbaycanın Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti ilə birgə icra etdiyi irimiqyaslı layihə var. Bu cür layihələr daha çox ölkələrin fərdi daxili su təminatı strategiyaları və dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilir.