- Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında strateji körpüyə çevrilir
Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışı regional əməkdaşlığın gələcək istiqamətləri baxımından diqqət çəkib.
Azərbaycanın 2025-ci ildə bu formata tamhüquqlu üzv olması ölkəmizin Mərkəzi Asiya ilə siyasi və iqtisadi əlaqələrinin genişlənməsində yeni mərhələnin başlanğıcı olub.
Dövlət başçısı çıxışında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyalar, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və enerji əməkdaşlığının gücləndirilməsinə diqqət çəkib. Azərbaycanın Mərkəzi Asiya ölkələri üçün Qərb bazarlarına çıxışda mühüm tranzit rolunu vurğulayan İlham Əliyev Orta Dəhlizin inkişafının əhəmiyyətini qeyd edib. Enerji sahəsində əməkdaşlıq da əsas istiqamətlərdəndir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin yaradılması, eləcə də Xəzər dənizində rəqəmsal bağlantıların inkişafı regional əməkdaşlıq üçün yeni imkanlar açır. Görüşün nəticələri göstərir ki, Azərbaycan Mərkəzi Asiya ilə münasibətlərini yalnız ticarət çərçivəsində deyil, nəqliyyat, energetika və investisiyaları əhatə edən daha geniş strateji əməkdaşlıq müstəvisində inkişaf etdirməyə çalışır.
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Hikmət Babaoğlu Sherg.az-a bildirib ki, Azərbaycan-Türkmənistan münasibətləri son dövrlərdə dinamik inkişaf mərhələsinə qədəm qoyub. Onun sözlərinə görə, hazırkı mərhələni iki ölkə arasında əlaqələrin yeni inkişaf mərhələsi kimi xarakterizə etmək olar:
“Bu dinamika dövlətlər arasında tarixən formalaşmış ortaq dəyərlərdən və müasir dövrdə üst-üstə düşən milli maraqlardan qaynaqlanır. Son illərdə Azərbaycan-Türkmənistan münasibətlərində qarşılıqlı səfərlər və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi xüsusi dinamika yaradıb. Qardaş ölkənin milli lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərləri, işğaldan azad edilmiş ərazilərimizdə məscid inşa etdirməsi, eləcə də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana və Prezident İlham Əliyevin Türkmənistana səfərləri əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Deputatın sözlərinə görə, bütün bunlar iki ölkə arasında münasibətlərin möhkəm təməllərə söykəndiyini və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu göstərir”.
Hikmət Babaoğlunun sözlərinə görə, Azərbaycan digər Mərkəzi Asiya respublikaları kimi Türkmənistan üçün də Qərb bazarlarına çıxış baxımından strateji əhəmiyyət daşıyır:
“Türkmənistan bu reallığı yüksək qiymətləndirir və iki ölkə arasında iqtisadi dövriyyənin artması, turizm əlaqələrinin genişlənməsi, Xəzər dənizində əməkdaşlığın canlanması münasibətlərin inkişafına yeni imkanlar yaradır. Vaxtilə iki ölkə arasında həlli çətin olan mühüm məsələlərdən biri də Xəzər dənizindəki karbohidrogen yatağı ilə bağlı olub. Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı yatağın “Dostluq” adı altında birgə işlənməsi barədə razılıq əldə edilməsi enerji sahəsində əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətli addımdır. Bütün bu amillər Türkmənistanın enerji resurslarının Azərbaycan üzərindən Qərb bazarlarına çatdırılması imkanlarını artırır. Transxəzər marşrutunun və Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) inkişafı isə gələcəkdə iki ölkə arasındakı iqtisadi və nəqliyyat əlaqələrinə əlavə dinamika qazandıra bilər”.
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva Sherg.az-a açıqlamasında Prezident İlham Əliyevin Türkmənbaşı şəhərinə işgüzar səfərinin Azərbaycanın xarici siyasəti və regional əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Onun fikrincə, səfərin əsas məqsədlərindən biri də Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşü olub:
“ Bu görüşdə Azərbaycanla yanaşı Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın dövlət başçıları bir araya gəliblər. Bu görüşü Azərbaycanın xarici siyasəti baxımından çox əhəmiyyətli hesab etmək olar. Belə ki, Azərbaycan son illərdə Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirib. Bu əlaqələr yalnız siyasi münasibətlərlə məhdudlaşmır. Nəqliyyat, logistika, enerji, ticarət, investisiya, humanitar və mədəni sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaranır.
Mərkəzi Asiya ilə Azərbaycan arasında əlaqələrin inkişafında coğrafi amil də mühüm rol oynayır. Belə ki, Azərbaycan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya dövlətlərini Cənubi Qafqaz və Avropa istiqaməti ilə birləşdirən mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Bu konteksdən yanaşaraq ölkəmizin region dövlətləri ilə əməkdaşlığının güclənməsi həm Azərbaycanın iqtisadi imkanlarını genişləndirir, həm də regionlararası əlaqələrin inkişafına xidmət edir”.
Kamilə Əliyeva qeyd edib ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın bu formatda iştirakının əhəmiyyətinə xüsusi diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıqda artıq daha fəal və institusional səviyyədə iştirak edir:
“Bu isə ölkəmizin regionla münasibətlərinin strateji xarakter daşıdığını göstərir. Bu görüşdə bir sıra sənədlərin imzalanması dövlətlərarası əməkdaşlığın daha sistemli inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Görüş çərçivəsində Prezident cənab İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla keçirdiyi ikitərəfli görüş zamanı Azərbaycan - Türkmənistan münasibətlərinin son illərdə dinamik inkişaf etdiyi xüsusi vurğulanır. Belə ki, dövlət başçıları arasında qarşılıqlı səfərlərin intensivləşməsi siyasi münasibətlərin möhkəmlənməsinə, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və mövcud layihələrin sürətləndirilməsinə şərait yaradır. Prezident cənab İlham Əliyevin Türkmənistana səfəri bir daha göstərdi ki, Azərbaycan regionda sülhün, sabitliyin və iqtisadi əməkdaşlığın gücləndirilməsinə xüsusi əhəmiyyət verir və bu görüş Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında strateji tərəfdaşlığın genişlənməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər”.