Erməni şərhçilər elə görüntü yaradırlar ki, sanki Ermənistanda Konstitusiya dəyişikliyi Azərbaycana lazımdır
Tofiq Zülfüqarov: "Elə məsələlər var ki, onların müzakirəsi uzun zaman tələb edəcək. Ona görə də hazırda gündəmdə olan məsələ çərçivə sülh sazişidir”
Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün parlamentdə Konstitusiya dəyişikliyi zərurəti ilə bağlı növbəti dəfə danışdı. Bildirdi ki, dövlətin məzmunundakı mövcud daxili ziddiyyətləri, fikir ayrılıqlarını müəyyən etməli, onlarla üzləşməlidirlər: "Biz tarixi ədalət arzusunu dövlətimizin əsasına qoymuşuq, amma tarixi ədalətin nə olduğunu formalaşdırmamışıq. Halbuki Ermənistanda müxtəlif siyasi qüvvələr və qruplar “tarixi ədalət” dedikdə tamam başqa şeylər başa düşürlər. Erməni xalqı nə istəyir? Çoxları birbaşa deyir ki, Konstitusiyaya edilən bu dəyişikliklər Azərbaycanın təzyiqləri ilə bağlıdır. İstənilən hökumət başa düşməlidir ki, ölkənin təhlükəsizliyini hansı konsepsiya əsasında təmin edəcək. Təhlükəsizliyə xarici təhlükə yaradan problemləri və məqamları müəyyən etmək lazımdır. Biz düşmən mühitdə olduğumuzu bilirik. Bizim vəzifəmiz ətrafımızın bizə qarşı niyə aqressiv olduğunu anlamaqdır". Paşinyan əlavə edib ki, Azərbaycanla sülh Konstitusiya və Müstəqillik Bəyannaməsi dəyişəndən sonra mümkündür. Erməni politoloq Suren Surenyants isə deyib ki, Ermənistanda Konstitusiya islahatı həmişə hakim qüvvə üçün fəlakətə çevrilib: "2015-ci ilin eyni Konstitusiya islahatı nəticədə üçüncü prezidentin istefasına gətirib çıxardı. Güman etmək olar ki, ilin ikinci yarısında Paşinyan ətrafında beynəlxalq konsensus pozulacaq". Bu arada Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Azərbaycan-Ermənistan dialoqunda Rusiyanın alternativi yoxdur. Onun sözlərinə görə, Moskva Bakı və İrəvana Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı məsləhətləşmələr təklif edir, çünki Moskvada topoqrafik materiallar var: "Ümid edirik, İrəvan Rusiyanı bu prosesdən sıxışdırmağa, Cənubi Qafqazda mövcud güc balansını pozmağa yönəlmiş addımlar atmayacaq".
Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel isə üçtərəfli formatda Brüsseldə Azərbaycan, Ermənistan və Avropa Birliyi arasında görüşlərin bərpa edilməsi ilə bağlı Prezident İlham Əliyevdən mövqeyini bildirməsini xahiş edib. Prezident İlham Əliyev Azərbaycanın həmişə Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşləri dəstəklədiyini vurğulayıb.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Sherg.az"a açıqlamasında deyib ki, bəzi erməni şərhçilər elə görüntü yaradırlar ki, sanki Ermənistanda Konstitusiya dəyişikliyi Azərbaycana lazımdır. Keçmiş XİN rəhbərinin fikrincə, əslində, Ermənistanın Konstitusiya və Müstəqillik Bəyannaməsinin dəyişməsi birbaşa ermənilərin özü üçün zəruridir: "Ermənistan Baş naziri Nikol Paşinyan müxaliflərin diqqətinə onu çatdırmağa çalışır ki, Konstitusiya dəyişikliyi ilk növbədə, hətta daha çox ermənilər üçün lazımdır. Baş nazir deyir ki, əgər ermənilər həm öz ölkələrində, həm də bölgədə rahat yaşamaq istəyirlərsə, qonşulara qarşı ərazi iddiaları ilə çıxış etmək olmaz. Bu məqamların qanunvericilikdə əks olunması isə qəbuledilməzdir. Ermənistanın 4 qonşusundan 2-sinə rəsmi olaraq ərazi iddiası var. Qeyri-rəsmi isə ermənilər hətta Gürcüstana belə ərazi iddiası ilə çıxış edirlər. İstər-istəməz bunların ciddi təsirləri olacaq. Azərbaycan belə şəraitdə İrəvan hökumətinin sülh danışıqlarında ciddi olduğuna inanmayacaq. Bu məqam sülh prosesini ləngidən məqamlardan sayılır".
T.Zülfüqarov vurğulayıb ki, sülh prosesi uzunmüddətlidir və bir çox mərhələləri var: "Elə məsələlər var ki, onların müzakirəsi uzun zaman tələb edəcək. Ona görə də hazırda gündəmdə olan məsələ çərçivə sülh sazişidir. Çərçivə sazişində isə bütün məqamlar detallı əks olunmur, sadəcə əsas prinsiplərə yer verilir. Tərəflər əsas prinsiplərə əməl edəcəklərinə söz verirlər və sənədə imza atırlar. Amma iki ölkə arasındakı digər məsələlərlə bağlı müzakirələr davam etməlidir. Məsələn, sülhün çərçivə sənədində deyilə bilər ki, "tərəflər bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanıyırlar". Amma söhbətin konkret hansı ərazilərdən getdiyini bilmək üçün danışıqlar sonrakı dövrdə davam etdirilməlidir. Bu da çox vaxt apara bilər. Eyni zamanda əsas prinsiplərdə kommunikasiyaların açılması məsələsi əksini tapar. Lakin hansı formada reallaşacağı, necə istifadə olunacağı sonranın işidir. Danışıqlar da gedir. Ən azından baş nazirlərin müavinləri səviyyəsində bir neçə görüş baş tutub. Sülhün bir çox mərhələləri ola bilər".