Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanı hədəf alan bəyanatını pisləyib. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə deyib ki, beynəlxalq birliyin Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını ala bilməməsi və 30 ilə yaxın müddətdə ərazilərimizin işğalına son qoyulmaması, Ermənistan tərəfindən kütləvi vəhşiliklər və insanlıq əleyhinə cinayətlər törədilməsinə, Ermənistanın müharibəni qızışdıran bəyanat və hərəkətlərini davam etdirməsinə maneçilik törətməməsi bu ölkədə cəzasızlıq hissinə təkan verib: "Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarını davam etdirməsi, o cümlədən azərbaycanlılara qarşı irqi ədavəti qızışdırması və təşviq etməsi yalnız beynəlxalq hüququn norma və prinsiplərinin pozulması deyil, həm də Ermənistanın üzərinə götürdüyü öhdəliklərə ziddir". A.Hacızadə vurğulayıb ki, Ermənistanın uydurma tarixi rəvayətlərə və irqçi ideologiyaya əsaslanan qeyri-qanuni ərazi iddialarını reallaşdırmaq məqsədilə təcavüzü zamanı törətdiyi hərbi cinayətlərə, on minlərlə dinc sakini vəhşicəsinə qətlə yetirməsinə, həyata keçirdiyi genişmiqyaslı etnik təmizləməyə və işğal altında olan minlərlə şəhər, qəsəbə və kəndin yerlə-yeksan edilməsinə görə məsuliyyət daşıdığının beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana xatırlanması və bunun məsuliyyətini tələb etməsi vacibdir: "Azərbaycan tərəfi beynəlxalq hüququn ciddi pozuntularına görə cəzasızlığa son qoymaq, qanunun aliliyinin təşviqi, regionda sülh, təhlükəsizlik və sabitliyin qurulması, möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcək".
Siyasi şərhçi Fuad Abbasov bildirib ki, erməni xarici işlər naziri Arorat Mirzoyan Ermənistanın Baş naziri Nikol Paşinyana ən yaxın siyasi fiqurdur. Analitikin sözlərinə görə, Paşinyanın postuna görə deyə bilmədiklərini onun əvəzinə Mirzoyan səsləndirir: "Nikol Paşinyan baş nazirdir və Azərbaycanla sülh müzakirələrində, görüşlərdə ürəyindəkiləri aşkar dilə gətirə bilmir. Lakin hansısa formada demək istədiyini, yaxud söyləməyə məcbur qaldığı sözləri Mirzoyan vasitəsilə gündəmə gətirir. O səbəbdən Mirzoyanın ağzı ilə zaman-zaman Azərbaycana qarşı absurd çıxışların şahidi oluruq. Nəzərə alaq ki, erməni cəmiyyəti bizə qarşı düşmən mövqedədir və onların baxışında dəyişiklik yoxdur. İndiki şəraitdə hətta sülh sazişi imzalansa belə, erməni ictimaiyyətinin aqressiv, radikal yanaşması dəyişməyəcək. Əllərinə fürsət düşən kimi Azərbaycanı ittiham edəcəklər. Ancaq inanmıram ki, Mirzoyanın müəyyən məqsədlərlə dedikləri sülh prosesinə ciddi zərbə vursun. Əsas söz sahibi Nikol Paşinyandır və proses onun mövqeyi və addımları çərçivəsində irəliləyəcək".