Ermənilər qırmızı xəttimizi keçdi!

Azərbaycanın bütün qisas əməliyyatları məhz erməni tərəfinin hansısa təxribat cəhdlərindən sonra başlayıb

Cavabını aldılar, ağır nəticələrini görürlər. Atəş təxribatının ermənilər üçün ciddi təsirləri qaçılmazdır

  Fevralın 13-də Ermənistan silahlı qüvvələrinin Zəngilan istiqamətində həyata keçirdiyi təxribat nəticəsində hərbçimizin yaralanmasından sonra Dövlət Sərhəd Xidmətinin bölmələri cavab olaraq “qisas əməliyyatı” keçirib. Əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur. Bir daha bəyan edilib ki, Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcək. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ali Bas Komandan dəfələrlə bəyan edib ki, düşmən təxribatlari heç bir zaman cavabsız qalmayıb, qalmır və qalmayacaq. Azərbaycan dəfələrlə Ermənistanın təxribatına cavab olaraq qisas əməliyyatları həyata keçirib. Bu əməliyyat, adından da göründüyü kimi, düşmənin təxribatlarına cavab addımı olaraq həyata keçirilir və onları gələcək təxribatlardan çəkindirmək məqsədi daşıyır. Təxribatın baş verdiyi Zəngilan rayonunun Kolluqışlaq istiqamətindəki mövqelərimiz kifayət qədər əlverişli yerdə yerləşir. Kifayət qədər yüksəklikdən ermənilərin Nerkin Hand, Qafan rayonu istiqamətindəki mövqelərini demək olar ki, tamamilə müşahidə altında saxlayırıq. Hazırda da vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır. Bundan sonra düşmənin təxribat törətdiyi hər bir döyüş mövqeyi aşkar ediləcək. Zərurət yaranarsa, həmin mövqelərdə Azərbaycan əsgəri və bayrağımız yerləşdiriləcək. Avropa Birliyinin missiyası hadisəyə reaksiya vermək, təxribatı qınamaq əvəzinə, ərazini tərk etməklə işini bitmiş hesab edir. Ermənistan birdəfəlik anlamalıdır ki, heç bir qüvvə onun arxasında dayana bilməyəcək. Nə Ermənistan, nə də onun havadarları öz çirkin niyyətlərini gerçəkləşdirə biləcək.
  Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev "Sherg.az"a deyib ki, Ermənistan tərəfindən təxribatlar gözlənilən idi. Ekspert vurğulayıb ki, İrəvan sülh sazişindən yayınmaq üçün müəyyən təxribatlara əl atacaq və Azərbaycan cavab vermək məcburiyyətində qalacaq: 

"İndi biz bu hadisələri müşahidə edirik. Ermənistanı cəsarətləndirən qüvvələr var. Fransanın Ermənistanı sürətlə silahlandırması prosesi gedir. Əlbəttə, təxribat fəaliyyətlərini Ermənistan tərəfindən terror təşkilatlarının üzvləri də həyata keçirə bilərlər. Xüsusən, şərti sərhədimizdən xarici ölkə vətəndaşının keçməsi, Aİ-nin "mülki missiyası"nın binoklla mövqelərimizi müşahidə etməsi də erməni tərəfinin təxribat hazırlıqlarından xəbər verirdi. Ermənistan məhz terrorçular üzərindən şərti sərhədlərimizdə təxribata əl atdı və bunun cavabını da aldı. Hər zaman deyilir ki, Azərbaycan hərbçilərinin yaralanmasının bədəlini erməni tərəfi misliylə ödəyəcək. Zəngilandan sonra Qazax istiqamətində atəşkəsin pozulması ermənilərin yeni eskalasiyaya hazırlığı kimi dəyərləndirilməlidir. İrəvana arxa çıxanlar da maraqlıdır ki, təxribatlar genişlənsin və Azərbaycan tərəfinin cavab tədbirləri ilə lokal toqquşmalar böyük müharibəyə çevrilsin. Zəngəzur dəhlizinin açılması və anklavların tələb olunması Ermənistan tərəfindən qəbul edilmir. Ardınca şərti sərhədlərdə təxribatlar yaşanır".
  Polkovnik-leytenantın sözlərinə görə, əgər İrəvan məqsədli şəkildə sülh sazişinin imzalanmasını uzadırsa, bu müddət ərzində baş verən bütün hərbi eskalasiyaya görə məsuliyyət daşıyır: "Sülh yoxdursa, tərəflər atəşkəs vəziyyətində sayılır. Atəşkəs qısa müddətdə sülhə də səbəb ola bilər, əksinə, lokal qarşıdurmalarla geniş müharibənin başlanmasına da gətirib çıxarar. Nəzərə alaq ki, Azərbaycanın bütün qisas əməliyyatları məhz erməni tərəfinin hansısa təxribat cəhdlərindən sonra başlayıb. Şərti sərhədlərimizdə atəşkəsin pozulması, təxribat-diversiya fəaliyyətləri Azərbaycan üçün qırmızı xəttin keçilməsidir. Ermənistan bu cür cəhdlərə son qoymalıdır. Əks halda mümkün hərbi eskalasiyanın olmayacağının qarantiyasını heç kim verə bilməz".
  "Ermənistanı təxribatlara sövq edən əsas məqam başıboşluq və ərköyünlükdür". Bu sözləri isə "Şərq"ə açıqlamasında millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib. Deputat bildirib ki, ermənilər yenə də məsuliyyətsiz davranaraq növbəti təxribatlara rəvac verdilər: "Əslində, ermənilər hər dəfə bu məsuliyyətsiz davranışlarının və təxribatların cavabını alır, ağır nəticələrini görürlər. Yenə də görəcəklər. Ermənilərin təxribatı bizə böyük fəsad yaratmayacaq, əksinə, özləri üçün ciddi problemlərə səbəb olacaq. Sülh müqaviləsinin imzalanması, bölgədə sabitliyin yaranması, mövcud problemlərin həlli ilk növbədə ermənilər üçün vacibdir. O baxımdan indiki şəraitdə ermənilərin hər hansı lokal təxribatının Azərbaycana təsirindən söhbət getmir. Ermənilər üçün isə ciddi təsirləri qaçılmazdır. Azərbaycan özü ilə bu cür uyğunsuz davranışları heç vaxt müsbət qarşılaya bilməz".