Vəkil: Ermənistan Kamil Zeynallını Vətən Müharibəsindən iki gün sonra federal axtarışa verib - YENİLƏNİB

Ermənistan Kamil Zeynallını 2020-ci il 29 sentyabr tarixində, yəni 27 sentyabr - Vətən Müharibəsindən iki gün sonra federal axtarışa verib.
Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Kamil Zeynallının vəkili Ələkbər Qarayev bildirib.
Vəkilin sözlərinə görə, Kamil Zeynallı Ermənistan Cinayət Məcəlləsinin 135, 147-ci maddələri ilə ittiham olunur.

Ələkbər Qarayev əlavə edib ki, “konkret olaraq hansı cinayət əməlindən söhbət getdiyi məlum deyil”.

“Kamil Zeynallı gecə saatlarında şübhəli şəxs qismində 48 saatlıq həbs olunub. Bu gün prokurorluq gözləyir ki, Ermənistandan nəsə əlavə materiallar gəlsin. Və əgər həmin əlavə materiallar gəlsə, o zaman sabah həbs qətimkan tədbirinin seçilməsi üçün Kamil Zeynallı məhkəmə qarşısına çıxarılacaq”.

***
Azərbaycanlı tanınmış fitnes məşqçisi Kamil Zeynallı Ermənistanın sorğusu əsasında saxlanılıb.
Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Kamil Zeynallının vəkili Ələkbər Qarayev bildirib.
Onun sözlərinə görə, Kamil Zeynallı Domodedovo polis bölməsinə aparılıb.
Vəkil Kamil Zeynallının Ermənistan cinayət məcəlləsinin müvafiq maddələri ilə ittiham olunduğunu desə də, onun konkret hansı maddələr üzrə ittiham olunduğunu açıqlamayıb.
Ələkbər Qarayev hazırda iş üzrə çalışdığını qeyd edib.