Suyun keyfiyyəti ürəkaçan deyil
Su və kanalizasiya problemlərinin həlli üçün 20 milyard manat lazım olduğu açıqlanıb
Dünən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmələr keçirilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib ki, Azərbaycanda su borularının 50 faizinin istismar müddəti bitib. Onun sözlərinə görə, Kür-Bakı kəmərində boruların istismar müddəti bitdiyi üçün yüksəktəzyiqli su verilə bilmir. Sədr bildirib ki, bunun həlli yolları var: “Prioriteti müəyyənləşdirməklə problemləri həll edə biləcəyik. Beynəlxalq təşkilatlarla bu məsələlərin həlli üçün müzakirələr aparırıq”. Zaur Mikayılov qeyd edib ki, su itkilərimiz 39 faizdir: “Bu, pis rəqəm deyil, amma ideal da deyil. Bizim hədəfimiz bunu 20 faizə salmaqdır. Beynəlxalq təcrübədə itkilərin normal sayılan rəqəmi 10 faizdir. Bunu 0 etmək mümkün deyil. Türkiyədə bu rəqəm 65 faizdir. Yəni bizdə rəqəm o qədər də pis deyil”. Sədr diqqətə çatdırıb ki, suya münasibət dəyişməlidir: “Biz itkiləri azaltsaq, suyumuz yetərlidir. Burada şüur dəyişməlidir. “Sudan ucuz” sözü aradan götürülməlidir. Texniki su üçün şəbəkə ayrıca qurulmalıdır. Eyni şəbəkəylə həm içməli su, həm də texniki su vermək olmaz”.
"Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması həyata keçiriləcək”
Zaur Mikayılov deyib ki, 10 gün bundan qabaq duzsuzlaşdırma prosesi başlayıb, artıq 14 xarici şirkət bu prosesdə iştirak edir, satınalma işləri gedir: “Texniki su istifadə ediləndə insanla təmas etməməlidir. Virusu tapmaq o qədər də asan deyil. Biz texniki suyu bakterioloji təmizləyə bilərik. Texniki sudan yalnız sənayedə və dekorativ yaşıllaşdırmada istifadə edə bilərik". Agentlik sədri su və kanalizasiya sistemlərinin qurulmasına özəl sektorun cəlb olunmasını təklif edib: "Problemlərin həlli özəl sektorun bu sahəyə cəlbinə bağlıdır". Sədr bildirib ki, bu, dövlətin su problemləri sahəsində yükünü azalda bilər: “Özəl sektorun gətirəcəyi effektivlik də burada mühüm rol oynayacaq. Agentliyin yaradılma səbəbi bütün pərakəndəliyi aradan qaldırmaqdır. Pandemiya başlayacağını heç kim bilmirdi. Layihələr hazır idi, vəsait ayrılmışdı, amma pandemiya oldu, layihələr yarımçıq qaldı. Qarabağ işğaldan azad edildi, oranın bərpası üçün də çox böyük vəsait tələb olunur”. Zaur Mikayılov diqqətə çatdırıb ki, suyun təmizliyindən tutmuş əlçatanlığına qədər bütün problemlər həll olunmalıdır: “İşin düzgün aparılması üçün Prezidentin dediyi kimi, sistem yerində olmalıdır və sistemdə düzgün insanlar çalışmalıdır. Biz bu addımları atırıq”.
Sədr bildirib ki, kanalizasiya layihəsi hazır olmayan yeganə rayon Bərdədir: “O layihə də Fövqəladə Hallar Nazirliyindən keçməkdədir. Hazırda sadəcə içməli su və kanalizasiya sistemlərində davam edən layihələrin maliyyəti 2,7 milyard manatdan çoxdur. Təkcə Gəncədə layihələrin icrası 550 milyon manat tələb edir. Aran bölgələrində qapalı sistemə keçirilməsi üçün 9 milyard manata yaxın vəsait tələb olunur. Sırf indiki vəziyyəti düzəltmək üçün isə 20 milyard manat vəsait lazımdır. Biz bir şeyi etmək istəyiriksə, birinci maliyyətinə baxmalıyıq, sonra prioritetlərə bölərək problemi həll etməliyik”.
"Bir milyondan çox yeni sayğac quraşdırılıb"
Zaur Mikayılov deyib ki, suyun sayğaclaşdırılması 90 faizə çatdırılıb: “Hədəfimiz bunu 100 faizə çatdırmaqdır. Ölkə ərazisində su ehtiyatlarının səmərəli istifadəsinin təmin edilməsi məqsədilə Prezidentin sərəncamı ilə bizim Agentlik yaradılıb. Xaçınçay və digər su anbarları və kanallarının tikintisi başa çatdırılıb. Laçında 2022-ci ildə başlanmış su anbarının tikintisinin bu ilin ilk yarısında yekunlaşdırılması planlaşdırılır. Cəbrayılda Qız Qalası su anbarının və bir sıra digər obyektlərin layihələndirilməsi işləri tamamlanıb. Şuşa şəhərində içməli su sisteminin yenidən qurulması işlərinə başlanıb. Laçın şəhərinin içməli, yağış suları sistemləri yaradılıb. Xankəndi, Xocalı, Qubadlı kimi məskunlaşma olacaq ərazilərdə içməli sus sistemləri qurulur”.
"Qlobal iqlim dəyişmələri nəticəsində su təminatında çətinliklər yaranıb"
Kənd təsərrüfatı nazirinin müavini Sərvan Cəfərov deyib ki, qlobal iqlim dəyişmələri nəticəsində su təminatında çətinliklər yaranıb: "Kənd təsərrüfatının inkişafını susuz təsəvvür etmək mümkün deyil. Son illərdə qlobal iqlim dəyişmələrinin təsiri nəticəsində mənbələrdə su ehtiyatının azalması aqrar sahənin su təminatında bir sıra çətinliklərin əmələ gəlməsi ilə nəticələnib. Rəsmi torpaq balansına əsasən, ölkəmizin ümumi kənd təsərrüfatına yararlı torpaq sahəsi 4,78 mln. hektar (55 faiz), bunun 1.48 mln. hektarı isə suvarılan torpaqlardır. Demək olar ki, kənd təsərrüfatı məhsullarının 80-90 faizi, o cümlədən ixracyönümlü kənd təsərrüfatı məhsullarının hamısı suvarılan torpaqlarda becərilir. Su Komissiyasının tapşırıqları əsasında ölkə üzrə aqrar islahatların həyata keçirilən infrastruktur layihələri ilə uzlaşdırılması, su ehtiyatlarının mövcud vəziyyətinin dövri təhlilinin aparılması və tənzimlənməsi sahəsində operativ qərarların qəbul olunması istiqamətində Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında qurumlararası koordinasiyalı fəaliyyət təşkil olunub. Eyni zamanda yerlərdə kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün suvarmanın növbəlilik əsasında təşkil edilməsi üçün mütəmadi işlər aparılır".
"Bakıda binalarda su çənlərinin təmizlənməsinə nəzarət edilmir, kranı açanda qum gəlir"
Deputat Məlahət İbrahimqızı deyib ki, Bakıda binalarda su çənlərinin təmizlənməsinə nəzarət edilmir, kranı açanda qum gəlir: "Çənlər təmizlənir, təmizlənmir, bilinmir. Əksəriyyət artıq hündürmərtəbəli binalarda yaşayır. Hamı təsdiq edər ki, kranı açanda qum gəlir. Mən heç öz həyətimizdə çənin təmizlənməsini görməmişəm. Bununla bağlı qurumlar koordinasiyalı fəaliyyət göstərməlidir”.
Deputat İltizam Yusifov deyib ki, emal etdiyimiz, xərc çəkdiyimiz təmiz içməli suyu insanlara çatdıra bilmirik: “Binalarda su çirkli çənə tökülür və insanlar qumlu, çirkli su içir. Bu gün insanlar 600 min tondan artıq içməli suyu insanlar alır. Evlərdə qablaşdırılmış sulardan əhali istifadə edir. Biz içməli təmiz su emal ediriksə, bu, əhali üçün çox böyük xərcdir. Texniki suyun içməli sudan ayrılması məsələsi diqqətə alınmalıdır. Bu, böyük xərc tələb edən prosesdir. Biz bundan əvvəl çoxmənzilli binalarda müəyyən format müəyyənləşdirməliyik ki, yağış sularından istifadə edərək texniki suyla bunu əvəzləmiş olaq. Bu həm də, daha az xərc tələb edər”.
"Bakıətrafı kəndlərdə kanalizasiya sistemində ciddi problem var"
Deputat Fəzail Ağamalı deyib ki, Su təsərrüfatı ilə bağlı xüsusi qanun qəbul edilməlidir və bu, bütün su təsərrüfatlarını əhatə etməlidir: "İnsanlarımızın suya qarşı münasibəti ürəkaçan deyil. Biz həm İnzibati Xətalar, həm də Cinayət Məcəlləsində bununla bağlı cərimələr və cəzalar müəyyənləşdirək. Suya qarşı münasibət dəyişməlidir. Daxili çayların, yağış sularının anbarlara yığılaraq istifadəsi çox yaxşı haldır. Bakıətrafı kəndlərdə kanalizasiya sistemində ciddi problemlər var. Bununla bağlı xüsusi dövlət proqramı hazırlanmalıdır. Sudan istifadə edənlər demək olar ki, pul ödəmir. Bunu necəsə tənzimləmək lazımdır”.
Parlamentin Aqrar siyasət komitəsinin sədri Sadiq Qurbanov deyib ki, suyun keyfiyyəti ilə bağlı məsələ ürəkaçan deyil: “Bakı şəhəri üzrə mövcud olan 94 mərkəzi və məhəllədaxili su anbarlarının “Azərsu” ASC tərəfindən yuyulub zərərsizləşdirilməsi təmin edilib, bu tədbirlərdən sonra sanitariya nəzarəti zamanı laboratoriya müayinəsi üçün götürülmüş 112 su nümunəsindən 9,8 faizinin bakterioloji göstəriciləri qeyri-kafi olub, fiziki-kimyəvi göstəriciləri isə norma daxilində olub. Dövlət standartının tələblərinə uyğun gəlməyən nəticələr üzrə müvafiq tədbirlər görülüb, təkrari müayinələr aparılıb. Göstərilən müddət ərzində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında ayrı-ayrılıqda müayinə olunmuş 473 su nümunəsinin 33 faizi dövlət standartlarının tələblərinə cavab verməyib".
"Əhalisi 200 min nəfərdən çox olan Bərdə rayonunda kanalizasiya sistemi yoxdur"
Deputat Fatma Yıldırım bildirib ki, əhalisi 200 min nəfərdən çox olan Bərdə rayonunda kanalizasiya sistemi yoxdur: "2020-ci ildə dövlət qurumunun rəhbərləri ilə görüşdə bu məsələ qaldırılıb, lakin keçən müddət ərzində bu istiqamətdə heç bir addım atılmayıb. Hazırda Bərdədə ərazi üzrə həm fərdi evlərin, həm də çoxmərtəbəli yaşayış binalarının çirkab suları yeraltı quyulara doldurulur. Vaxtaşırı çirkab sularının texnika ilə daşınması, bəzi hallarda yollara daşaraq dağılması bir çox yoluxucu xəstəliklərin yayılmasına zəmin yaradır. Eyni zamanda dövlət proqramına əsasən şəhid ailələri və məcburi köçkünlər üçün tikilib istifadəyə verilmiş çoxmərtəbəli yaşayış komplekslərinin bünövrəsinə ciddi zərər verir. İnsanların sağlamlığına birmənalı təsir göstərən və gündəlik məişət probleminə çevrilmiş bu məsələnin mövcud olması yolverilməzdir və tezliklə aradan qaldırılması olduqca önəmlidir”.
"Su filtrləri nə dərəcədə standartlara cavab verir?"
Deputat Naqif Həmzəyev köhnə sayğacları yeni elektron sayğaclarla əvəzləməyi də təklif edib: "Gəncə sakinləri hələ də içməli suyu su maşınlarından alır. İstənilən an insanlara qarşı təxribat törədilə bilər. Gəncədə kanalizasiya layihələrinin icrası davam edir. Amma bu zaman bir yolu bəzən üç dəfə qazırlar. Bu, sakinlərə çətinlik yaradır. Gəncə çayı Azərbaycanın ən qədim çaylarından biridir, amma bu qədim çay quruyub. Bəzi adamlara Gəncə çayının quruması sərf edir. Onlar istəyir ki, çay qurusun və o əraziləri satsınlar. Bu problemin qarşısı alınsın”. Deputat su filtrləri ilə bağlı məsələni də qaldırıb: “Su filtrləri nə dərəcədə standartlara cavab verir? Bazarda hər qiymətə su filtri var. Onsuz da biz ölü su içirik. Üstəgəl, filtrlərə aldanaraq, guya təmiz su içdiyimizi düşünürük. Amma bu, təmiz su deyil. Filtrlərlə bağlı xüsusi sertifikasiya həyata keçirilməlidir. Əks halda biz özümüzü aldada-aldada pis halla üzləşəcəyik”.