Bir azdan Xocalıda həyat qaynayacaq

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış"

İnsanlar növbəti aydan doğma yurdlarına köçməyə hazırlaşır

  İki gün əvvəl XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının 32-ci ildönümünü qeyd etdik. 1992-ci il fevralın 26-sına keçən gecə Xocalı faciəsini törətməklə erməni millətçiləri məkrli məqsədlər güdürdülər. Azərbaycan xalqını qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqlarımızın işğalı faktı ilə barışmağa məcbur etmək. Amma hiyləgər və amansız düşmənin bu niyyəti baş tutmadı. Torpaqlarımızın müdafiəsi uğrunda hər an şəhidlik zirvəsinə yüksəlməyə hazır olan vətənpərvər nəsil yetişdi və 30 illik işğala 44 gündə qəhrəmanlıqla son qoydu.
Xocalı faciəsinin 32 illiyində soyqırımı şəhidlərimiz həm də ilk dəfə azad edilmiş həmin ərazimizdə yad edildi.
  Prezident İlham Əliyev fevralın 26-da Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu kimi məqamlara xüsusi diqqət yönəldib: 
“Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra - o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir” söyləyən dövlətimizin başçısı onu da bildirdi ki, “Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Tarixi ədaləti bərpa etmişik. Günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq. Buna 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün imkan yaradırdı”.
  Ali Baş Komandanın Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyması da “Böyük Qayıdış” prosesi istiqamətində atılmış növbəti ən uğurlu addımlardan biri kimi qəbul olunmaqdadır.
Dövlət başçımızın qayıdış yolunda Xocalıdan verdiyi mesajlar diqqətləri xüsusilə cəlb edib: 
“2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurda keçmiş məcburi köçkünlərin qayıdacaqları yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdıb. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Prezident həmçinin qeyd edib ki, bu il həm Xocalıda, həm də Xankəndidə artıq həyat bərpa ediləcək. Bundan başqa, tezliklə Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək. Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb.
Qeyd edək ki, ötən ilin 19-20 sentyabr tarixində Ordumuzun keçirdiyi antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan təmizlənərək işğaldan azad edildi. Bir zamanlar soyqırımı və dağıntılara məruz qalan Xocalının azad olunması xalqımız üçün ən əlamətdar hadisələrdən biri idi. Ona görə də Xocalının dərhal bərpasına başlanılması mənəvi baxımdan hər birimiz üçün böyük əhəmiyyət daşıyır.
  Xocalı sakinləri tezliklə beynəlxalq hüququn prinsiplərinə əsasən, könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıdacaqlar. Hazırda Xocalıda bərpa işlərinin yüksək sürətlə davam etdirilməsi bunu deməyə əsas verir.
“Xocalıda yerləşən məktəbdə son tamamlanma işləri aparılır”. Bu fikirləri isə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, yeni tədris ilində məktəbdə tədris prosesinin başlaması nəzərdə tutulur: “Məktəbdə təxminən 150-yə yaxın şagirdin təhsil alacağı gözlənilir. Ayrıca idman və akt zalı olacaq. Əhalinin köç prosesi müddətində yerli əhalinin sayına uyğun məktəbdə yer olacaq”.
  Nazir onu da bildirib ki, işğaldan azad olunan Kəlbəcər, Zəngilan və digər ərazilərdə də məktəblərin təmir-tikinti işləri davam edir.
E.Əmrullayev söyləyib ki, Xankəndidə yerləşən ümumtəhsil müəssisələri ilə bağlı müvafiq invertarlaşma işləri görülür: “Azad edilən bütün ərazilərdə tədris ocaqlarının uçotu aparılır, müxtəlif vəziyyətdə olan binalar var. Onların hər biri də ölkənin tədris standartlarına uyğunlaşdırılır”.
  Fevralın 26-da Xocalıda keçirilən tədbiri tarixi hadisə kimi dəyərləndirən Xocalıdan olan millət vəkili Elman Məmmədov isə hesab edir ki, məhz faciə günü cənab Prezidentin Xocalıya səfəri, Xocalı şəhidlərinin xatirəsinə ucaldılacaq çox möhtəşəm bir abidə kompleksinin təməlini qoyması düşmənə və onun havadarlarına çox ciddi bir mesaj idi: “Azad olunmuş torpaqlarımızda, azad olunmuş Xocalımızda bərpa-quruculuq işləri gedir. Qanları yerdə qalmayan, döyüş meydanında qanları alınan şəhidlərimizin əziz xatirəsinə abidə ucaldılacaq. Başqa işlərin görülməsi də nəzərdə tutulur. Bu ondan xəbər verir ki, bu torpaqların əsl sahibləri bizlərik. Bununla dünyaya da bir mesaj verilir. O torpaqlara biz yenidən gəldik. Hamımız bundan qürur duyuruq. 32 il bundan öncə biz xocalılılar 4 il ermənilərlə üzbəüz döyüşlərdən sonra soyqırıma məruz qaldıq, oranı məğlub olaraq tərk etdik. Amma indi biz Xocalıya qalib xocalılılar, qalib Azərbaycan vətəndaşları kimi qayıtdıq. Bundan böyük qürur, sevinc hissindən başqa nə ola bilər ki? Bir Xocalı sakini kimi ordumuza, bu torpaqların azad olunmasında iştirak edən hər bir hərbiçimizə minnətdaram. Onları tərbiyə edən Azərbaycan xalqına, dövlətimizə, ordumuza rəhbərlik edən Ali Baş Komandanımıza minnətdaram. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların bu gün ruhları şaddır. Çünki onların uğrunda canlarını verdikləri torpaqlar, Vətən azaddır".
  Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin “Sherg.az"a açıqlamasına görə, Xocalıdan olan 50 ailə növbəti aydan doğma yurdlarına köçməyə hazırlaşır: 

“Ötən il sentyabrın 20-də Azərbaycanın öz suverenliyinin tam bərpasından sonra dövlətimizin başçısı dərhal göstəriş verdi ki, ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilsin. Çünki mənfur düşmən qanlı soyqırımı törədib, Xocalını yerlə-yeksan edib, xocalılıları öz doğma torpağından didərgin salıb. Xocalının tarixi adını dəyişdirməyə cəhdlər olub. Azərbaycanlıların evlərinə isə separatçılar və xarici ölkələrdən olan insanlar yerləşdirib. Onların hamısı doğma torpaqlarımızdan qovuldu. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalıda Azərbaycan Bayrağını qaldıranda hər bir soydaşımızın, xüsusilə xocalıların sevinci yerə-göyə sığmadı. Xocalı da öz azadlığına qovuşdu.
  Dövlət başçısı bir neçə gün əvvəl Xocalı şəhərinə səfəri və rayon ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüşdə isə Xocalıya qayıdışın tam reallaşacağına əminlik yarandı. Bu gün Xocalı tam azaddır. Otuz iki ildən sonra ilk dəfə Xocalı soyqırımı günü Xocalıda qeyd olundu. Biz otuz iki ildən sonra doğma torpağımıza qayıtmışıq. Dövətimizin başçısı Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Xocalıda Memorial Kompleksin təməlini qoydu. Bu Memorial Kompleksin təməli çoxdan qoyulmuşdu, layihəsi də çoxdan hazır idi, ancaq tikintisi hər il təxirə salınırdı. Ona görə ki, biz Xocalıya qayıdacağımıza inanırdıq. Qayıtdıq da”.
Xocalı soyqırımının heç vaxt xalqımızın yaddaşından silinməyəcəyini vurğulayan Ç.Qənizadə deyib ki, 32 il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək, günahsız insanları qətlə yetirib. Lakin beynəlxalq təşkilatlar, iri dövlətlər bu soyqırımına laqeyd yanaşdı:
"“Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Cəmi 18 ölkə bizim səylərimizin nəticəsi olaraq, bu qanlı faciəni soyqırımı kimi tanıyıb. Halbuki xocalılıların başına gətirilən müsibəti inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda çox böyük yeri var. Bu faciə qəlbimizdə çox böyük yaralar salıb”.