Erməni tarix dərsliyindəki faktlar təsadüfi hal deyil - Türkoloq

Qarabağın Azərbaycanın tərkib hissəsi olaraq Ermənistanın tədris kitablarına salınması yaxşı nümunədir

  Ermənistanda tədris edilən 7-ci sinif tarix kitabında Qarabağın Azərbaycan ərazisi kimi göstərilməsi rezonans doğurub.
7-ci sinif şagirdlərinin valideynləri Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyini məhkəməyə verir.
Axar.az xəbər verir ki, bu barədə Vəkillər Palatasının keçmiş prezidenti Ara Zöhrabyan məlumat yayıb. Nazirliyə qarşı iddianın səbəbi 7-ci sinif dərsliklərində “Artsax”ın Azərbaycanın tərkib hissəsi kimi təqdim olunmasıdır.
  İddiaçılar nazirin əmrinin qüvvədən düşmüş hesab edilməsini tələb edir.
Qeyd edək ki, bundan əvvəl İrəvanda bu məsələ ilə bağlı etiraz aksiyaları keçirilib və tarixçilər məhkəməyə müraciət etmək niyyətində olduqlarını bəyan ediblər.
  AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli isə “Sherg.az"a açıqlamasında deyib ki, Qarabağın Azərbaycanın tərkib hissəsi olaraq erməni tədris kitablarına salınması yaxşı nümunədir: 

“Bu, tədricən davamlı olacaq. Yəni gələcək perspektivdə Ermənistanın qonşu ölkələrə ərazi iddiası məsələsinin, konstitusiya və müstəqillik bəyannaməsindən çıxarılmasının gündəmə gətiriləcəyini güman edirəm. Bu, erməni ictimai rəyində reallıqların qəbul olunması baxımından bir başlanğıcdır. Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə dəfə Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edib. Qarabağdakı keçmiş separatçıların Ermənistana aidiyyəti olmadığını da dəfələrlə qeyd edib. Yəni 7-ci sinif tarix dərsliyində qeyd olunan faktları təsadüfi hal hesab etmirəm. Çox güman ki, Ermənistanın siyasi rəhbərliyi baş tutan danışıqların məntiqi ardıcıllığı olaraq Ermənistanın gələcək inkişafının Azərbaycanın ərazi bütövlüyünün tanınmasından keçdiyinin fərqinə varmağa başlayıb”.
  Türkoloqun fikrincə, Ermənistanın orta məktəb dərsliklərində Qarabağın Azərbaycan ərazisi kimi göstərilməsinin mahiyyətində birmənalı olaraq Ermənistanın regional iqtisadi layihələrdə iştirak cəhdləri dayanır: “Paşinyan hökuməti region dövlətləri ilə ticari əlaqələri bərpa etmək istəyində səmimi olduğunu göstərmək üçün belə bir mövqe sərgiləyib. Artıq Qarabağ məsələsi Ermənistan üçün aktual deyil, onlar çoxdan uzun illər işğal altında saxladıqları bu əraziləri itirdiklərinin fərqinə varıblar. Nikol Paşinyan üçün vacib məsələ Ermənistanın dövlət sərhədlərinin müdafiəsi və regiondakı iqtisadi layihələrdə iştirakının təmin olunmasıdır. Bilirsiniz ki, Ermənistan dövlətinin faktiki ərazisi 30 min kvadrat kilometrdir və bunun da 20 min kvadrat kilometri mübahisəlidir. Azərbaycanın dövlət rəhbərliyi səviyyəsində İrəvan, Göyçə, Zənzəgurun qədim Azərbaycan torpaqları olması ilə bağlı səsləndirdiyi fikirlər Paşinyanı narahat edir. Hazırda gündəmdə olan Zəngəzur koridoru məsələsi isə onun qorxularını daha da artırır. Ona görə də dərs kitablarında Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bir növ Azərbaycana və dünya ictimaiyyətinə mesaj ötürür ki, Ermənistanın Qarabağla bağlı heç bir iddiası yoxdur və indi onun üçün mühüm faktor faktiki dövlət sərhədlərinin Azərbaycan tərəfindən tanınmasıdır”.