Heç bir şərt irəli sürülə bilməz: Ermənistan hərbçimizi dərhal geri qaytarmalıdır


Ona cinayət işi açmaq İrəvana heç bir dividend qazandırmayacaq


  Ermənistanda Azərbaycan Ordusunun hərbçisinə qarşı uydurma ittihamlarla cinayət işi açılıb.
Hərbçi Ruslan Pənahov haqqında Ermənistan İstintaq Komitəsi təxribata cəhd, qanunsuz silah-sursat saxlama, irqi və dini dözümsüzlük zəminində adam öldürməyə cəhd maddələri ilə cinayət işi açıb.Verilən məlumata görə, Ruslan Pənahov müstəntiqin qərarı ilə həbs olunub. Hazırda işin detalları aydınlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Ermənistan tərəfi isə dünən açıqlama yayaraq, şərti sərhədi keçən Azərbaycan əsgərinin saxlanıldığını bildirib.

  Ruslan Pənahovun İrəvanda həbs edilməsi ilə bağlı danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, əsgərimiz heç bir təxribat, terror və ya hər hansı cinayət törətməyib. Onun həbs edilməsi absurddur: “Ermənistan Azərbaycana yalvararaq Ruslan Pənahovu azad edəcək. Daha doğrusu, əsgərimizin azad olunması ilə bağlı qərar qəbul etməyə məcbur olacaq. Narahat olmağa dəyməz. Bəzi məsələlər var ki, hələlik açıqlaya bilmirəm, lakin deyə bilərəm ki, çox qısa bir müddətdə əsgərimiz azad olunacaq”. 
  Hərbi ekspert bildirib ki, bu, Ermənistanın növbəti saxtakarlıq və hiyləgərliyidir: “Azərbaycan 2020-ci ildən bu günə qədər heç bir şərt irəli sürmədən yüzlərlə erməni hərbçini azad edib. Hansı ki, o hərbçilərin Azərbaycan ərazisində həqiqətən terror və digər cinayətlərdə iştirakı sübut olunmuşdu. Bu, Ermənistanın bizə “çox sağoludur” ki, əlverişsiz hava şəraitində yolunu azan əsgərimizi terrorçu elan edib, 5 uydurma maddə ilə cinayət işi açır. Azərbaycan cəmiyyətində belə bir fikir formalaşıb ki, guya, Ermənistan tərəfi Bakıda həbsdə olan separatçıları – Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Levon Mnatsakanyan, David Manukyan, David Babayan, Ruben Vardanyan və Davit İşxanyanı dəyişmək üçün Ruslan Pənahovu həbs edib. Yox, belə deyil, Ermənistanda bu separatçıları çoxdan unudublar. Azərbaycanda xeyli sayda cəza çəkən erməni terrorçu var. Onların bir neçəsini azad etmək üçün Ruslan Pənahovu həbs edib. Lakin buna nail ola bilməyəcək. Ermənistan sonda Azərbaycan deyəni edəcək”.

  Hərbi ekspert Ədalət Verdiyev də  “Sherg,az”a açıqlamasında azaraq əks tərəfə keçən azərbaycanlı hərbi qulluqçunun Ermənistanın güc strukturları tərəfindən  diversant kimi qələmə verilməsinin tamamilə absurd  iddia olduğunu deyib. Ekspertin sözlərinə görə, hazırda təhlükəsizlik sistemi darmadağın olan Ermənistanda Azərbaycan Silahlı  Qüvvələri hansısa bir əməliyyat həyata keçirmək istəsə, bunun üçün ordumuzun  tərkibində kifayət qədər yüksək hazırlıqlı xüsusi təyinatlılar və komandolarımız var: 

“Azərbaycanın 19 yaşlı müddətli hərbi qulluqçunu xüsusi əməliyyat üçün Ermənistan tərəfə  keçirməsi məntiqsizdir. Şərti dövlət sərhədində xidmət aparan hərbçilər bu və ya digər istiqamətdə azaraq qarşı tərəfə keçirlər.Bu tip hadisələrin baş verməsi normaldır. Bundan öncə iki Azərbaycan hərbçisinin qarşılığında 32 erməni diversantını Ermənistana təhvil vermişdi. Bunu nəzərə alaraq qarşı tərəf  Ruslan Pənahovu dərhal geri qaytarmalıdır.  Əks halda Azərbaycan-Ermənistan arasındakı mövcud gərgin münasibətlər daha da gərginləşəcək ki, bu, qarşı tərəfə heç bir xeyir gətirməz. Yaxşı olar ki, Ermənistan qeyd-şərtsiz hərbçimizi geri qaytarsın. Ona cinayət işi açmaq İrəvana heç bir dividend qazandırmayacaq. Yenə deyirəm, Azərbaycanın minlərlə xüsusi təyinatlısı olduğu halda müddətli xidmətdə olan gənc əsgəri Ermənistana kəşfiyyat məqsədilə göndərməsi məntiqsizdir”.