Kibertəhlükəsizlik prioritet sahəyə çevrilir

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

3 il ərzində 1000-dən çox peşəkar mütəxəssis hazırlanacaq

“Böyük Britaniya və Azərbaycan arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq da ölkəmizin təhlükəsizliyinin qorunmasında mühüm rol oynayacaq”

  Bakıda “UK Cybersecurity Expo” sərgisinin açılışı olub. Tədbirdə Britaniyanın kibertəhlükəsizlik şirkətlərinin nümayəndələri iştirak ediblər. Onlar bu sahədə imkanlarını nümayiş etdirmək və yerli şirkətlərlə tərəfdaşlıq əlaqələri qurmaq üçün sərgiyə qatılıblar.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old kibertəhlükəsizlik xidmətləri üzrə dünyada lider olan Böyük Britaniyanın bu sahədə Azərbaycanla təcrübə mübadiləsi aparmağa hazır olduğunu deyib: “Kiberhücumların kritik infrastrukturu hədəf aldığı, iqtisadiyyatımızı və cəmiyyətimizi təhdid etdiyi bir vaxtda bu təhlükələrlə mübarizə çox vacibdir. Sevindirici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyev kibertəhlükəsizliyin inkişafını Azərbaycanın əsas prioritetlərindən birinə çevirib. Böyük Britaniya isə yaxın tərəfdaş kimi bu sahədə öz təcrübəsini bölüşməyə hazırdır”.
  Səfirin sözlərinə görə, Böyük Britaniya və Azərbaycan arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq üçün böyük potensial var. “Böyük Britaniyanın dörd aparıcı şirkəti kibertəhlükəsizliklə bağlı bugünkü tədbirdə iştirak etmək üçün Azərbaycana gəlib. Onlar Böyük Britaniyanın bu sahədə aparıcı təcrübəsinin nə olduğunu və Azərbaycanla necə daha səmərəli işləyə biləcəyimizi izah etmək üçün bu bazarda fəaliyyət göstərən həm hökumət, həm də özəl sektordan bəzi potensial tərəfdaşlarla görüşəcək”. F. Oldun sözlərinə görə, Böyük Britaniya kibermüdafiə baxımından dünyada üçüncü yerdə qərarlaşıb: “Hesab edirik ki, Azərbaycana təklif edəcəyimiz nəsə var”.
  Qeyd edək ki, ölkəmizin elmi-texniki tərəqqisində mühüm rol oynayan informasiya-kommunikasiya texnologiyalarının dinamik inkişafı bu sahədə təhlükəsizlik risklərinin idarə edilməsini və informasiya infrastrukturlarının kibertəhdidlərə qarşı dayanıqlığının artırılmasını da labüd edir. Bu isə öz növbəsində təhlükəsizliyin təmin olunmasında yeni yanaşmalar tələb edir və informasiya təhlükəsizliyinin etibarlı təminatı baxımından dövlətlərin məsuliyyətini xeyli artırır. Təsadüfi deyil ki, kritik informasiya infrastrukturlarının kibermüdafiə qabiliyyətinin gücləndirilməsi müasir dövrün ciddi əhəmiyyət kəsb edən çağırışlarından və təhlükəsizlik cəhətdən vacib vəzifələrdən hesab olunur.
  “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nda da kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsinə xüsusi yer verilib. Həmçinin son illər bu istiqamətdə görülən işlər, qəbul edilən normativ hüquqi aktlar, yaradılan kiberməktəblər də bunun bariz nümunəsidir.
  Ölkə başçısının müvafiq Fərmanına uyğun olaraq, hazırda milli kibermərkəzin qurulması istiqamətində işlər həyata keçirilir. Kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsi, eləcə də kibertəhdidlərə qarşı mübarizə işinin təşkili yönümündə tərəfdaş ölkələrin xüsusi xidmət orqanları və kibertəhdidlərə qarşı mübarizə sahəsində qabaqcıl texnologiya şirkətləri ilə əməkdaşlıq genişləndirilir və bütün bunlar milli kiberməkanın müdafiə qabiliyyətinin artırılmasına, həmçinin qlobal kiberməkanda mövqeyimizin gücləndirilməsinə xidmət edir.
  Ekspertlər isə hesab edir ki, Böyük Britaniya və Azərbaycan arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq ölkəmizin təhlükəsizliyinin qorunmasında mühüm rol oynayacaq.
Böyük Britaniyanın Azərbaycandakı səfirinin açıqlamalarını yüksək qiymətləndirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Sherg.az"a  bildirib ki, Britaniya ilə əməkdaşlıq ölkəmizin kiber mühiti və ümumiyyətlə, informasiya texnologiyaları mühitinin inkişafı üçün mühüm əhəmiyət kəsb edir: 

“Son illər Azərbaycanda kibertəhlükəsizliklə bağlı infrastrukturun və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atılıb. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik indiki məqamda milli təhlükəsizliyin əsas tərkib hissəsidir və hazırda vətəndaşların, dövlət və özəl qurumların təhlükəsizliyi prioritet məsələ seçilərək, bu istiqamətdə yeni layihələr üzərində də çalışılır. Kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlığı məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ilə İsrailin tanınmış “Technion” Universiteti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, fəaliyyətə başlayacaq Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi növbəti 3 il ərzində 1000-dən çox peşəkar mütəxəssis hazırlamağı hədəfləyib.
  Böyük Britaniya da dünyada kibertəhlükəsizlik sahəsində ən öndə gedənlərdən biridir. Bu sahədə Britaniyanın Azərbaycanla təcrübə mübadiləsi aparması ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, yaxşı haldır ki, son bir-iki il ərzində ölkədə informasiya texnologiyaları, xüsusilə də kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanmasında xeyli aktivlik müşahidə olunur. Əvvəllər bu sahədə universitetlər və az sayda qurumlar, “Step İT Academy”, “Code Academy” və sair, bu tip qurumlar peşəkar İT hazırlığı ilə məşğul olurdular. İndi xeyli sayda yeni qurumlar bu istiqamətdə fəaliyyətə başlayıblar. Ümid edirəm, bu sektorda yeni olan iddialı qurumlar keyfiyyətli mütəxəssis hazırlığı sahəsində qarşıya qoyulan məqsədlərə çata biləcəklər”.
  O.Gündüz hesab edir ki, xüsusi rabitə, informasiya və kiber sahədə, ümumiyyətlə, təhlükəsizlik sahəsində milli maraqlarımızın qorunması baxımından atılan addımlar alqışalayiqdir: “Müsbət haldır ki, ölkəmizdə kibertəhlükəsizlik sektorunda ciddi irəliləyiş və inkişaf var. Düşünürəm ki, gələcəkdə Azərbaycanda yeni bir mühit - kritik informasiya mühiti formalaşacaq. Bu mühitin formalaşması üçün ən mühüm məsələ kadr təminatı və qanunvericiliyin təkmilləşməsidir”.