Paşinyan daha birbaşa müharibə ritorikası ilə danışmağa başlayıb

“31 erməni kəndi” iddiasından da göründüyü kimi, baş nazir faktları təhrif etməyə, reallıqları danmağa çalışır


  Ermənistanın baş nazirinin ofisi “Azərbaycanın nəzarətində olan 31 erməni kəndi” iddiası ilə bağlı məlumat yayıb. “Erməni ərazisi” olduğu iddia edilən kəndlərin adları qeyd olunub. Erməni Baş nazir Nikol Paşinyan daha öncə iddia edib ki, “31 erməni kəndi”nin əhəmiyyətli əraziləri bu və ya digər şəkildə Azərbaycanın nəzarətindədir. Bu kəndlərin ümumi ərazisinin 170 kvadratkilometr olduğu bildirilir. Həmin kəndlərin Zəngəzur, Qazax və Göyçə istiqamətində yerləşdiyi deyilir. Bu ərazilərin “erməni kəndi” olması iddiası Ermənistanın növbəti yalanıdır. Söhbət 44 günlük müharibədən sonra Azərbaycanın dövlət sərhədini bərpa etməsi nəticəsində ordumuzun nəzarətinə keçən ərazilərdən gedir. Bu ərazilər işğal dövründə Ermənistanın dövlət sərhədini qanunsuz olaraq irəli çəkməsi nəticəsində “erməni ərazisinə” çevrilmişdi. Rəsmi İrəvan istəyir ki, sərhəddə “güzgü prinsipi” tətbiq edilsin, qoşunlar geri çəkilsin. Buna görə də “31 erməni kəndinin” Azərbaycanın nəzarətində olduğunu iddia edərək, qoşunların geri çəkilməsinə nail olmaq istəyirlər.
  Politoloq Qabil Hüseynli “Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan 90-cı illərdə Şərqi Zəngəzurda işğal etdiyi və Azərbaycanın geri qaytardığı əraziləri nəzərdə tutur: 

“Söhbət də dağlıq ərazilərdən və yüksəkliklərdən gedir. Ermənistan Azərbaycan torpaqlarını işğal edəndən sonra sərhəd boyu ərazilərini Azərbaycanın içərilərinə doğru 10-15 kilometr çəkmişdi. 44 günlük Vətən müharibəsi zamanı isə Azərbaycan işğal altında olan rayonlarını azad etdikdə həmin torpaqlarını da geri qaytardı və 30 il əvvəlki haqsızlıq və ədalətsizliyə cavab verdi. Ermənilər isə hər şeyə “öz nöqteyi-nəzərləri” ilə baxırlar. Azərbaycanın öz legitim və tanınmış sərhədlərinə qayıtmasını “işğal faktı” kimi qələmə verməyə çalışırlar. Paşinyan da bu sərsəm iddia əsasında “31 kəndin qaytarılması”ndan danışır. Bu, tamamilə cəfəngiyyat və uydurmadır. Ona qalsa, Ermənistanın Azərbaycana qaytarmalı olduğu ərazilərin coğrafiyası daha genişdir. Naxçıvana qədər bütün torpaqlar qədim Azərbaycan əraziləridir”.

  Q.Hüseynlinin sözlərinə görə, Praqa görüşü zamanı Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Almatı bəyannaməsinə sadiqlik nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyıblar:
“Yəni Ermənistan tərəfi Azərbaycanın 86,6 min kv.km və Ermənistanın 29,8 min kv.km-lik ərazi bütövlüyünə sadiqliyini təsdiqləyiblər. Bu o deməkdir ki, Paşinyan hakimiyyəti Azərbaycanın ən azı 86.6 min kvadratkilometr ərazisini tanımaqla Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən və açıq şəkildə qəbul edib. Tərəflər arasında Sülh müqaviləsi bağlandıqdan sonra isə Ermənistan-Azərbaycan sərhədində dövlətlərarası sərhədin delimitasiyası və demarkasiyası da mövcud xəritələr əsasında aparılacaq. Əslində, Azərbaycan Sovet imperiyası tərəfindən işğal ediləndə ərazilərimiz 114 min kvadrat kilometr idi. Ruslar Zəngəzur, Göyçə mahalı və Dərələyəzi əlimizdən alıb ermənilərə verdilər”.
  Son vaxtlar Nikol Paşinyanın fəallaşdığını vurğulayan politoloq deyib ki, Ermənistan yenidən qeyri-konstruktiv mövqe nümayiş etdirməyə başlayıb: “Paşinyan daha əvvəlki ritorika ilə danışmır, birbaşa müharibə ritorikası ilə danışmağa başlayıb. “31 erməni kəndi” iddiasından da göründüyü kimi, erməni baş nazir indi də ortada olan faktları təhrif etməyə, reallıqları danmağa, özündən uydurmalar danışmağa başlayıb. Görünür, danışıqlar prosesini manipulyasiya edən Paşinyanın bu cür danışmasının da arxasında qərbin Ermənistanı silahlandırması dayanır. Lakin Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu əsassız iddialardan yox, ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir”.